Moskvadakı Azərbaycan diasporunun rəhbəri deportasiya edilib

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib.

APA-nın avqustun 17-də yaydığı məlumata görə, B.Həsənov saxlanıldığı müvəqqəti saxlanma məntəqəsindən hava limanına gətirilərək deportasiya olunub.

"Telegram"dakı rusdilli "Mnoqonatsional" kanalı B.Həsənovun qandallı vəziyyətdə hava limanına gətirildiyini əks etdirən video yayımlayıb. Lakin Rusiya və Azərbaycan rəsmiləri hələ ki, bununla bağlı açıqlama verməyiblər.

Moskvadakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri olan Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ötən ilin sentyabrında ləğv olunub. Bu ilin iyununda isə o, Rusiya polisi tərəfindən saxlanılaraq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.

Rusiyada son bir ildə azərbaycanlı diaspor rəhbərlərinə qarşı təzyiqlər baş qaldırıb. Bu, Rusiya və Azərbaycan arasında münasibətlərin pisləşməsindən sonraya təsadüf edib.

Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun rəhbəri olmuş Şahin Şıxlinski ötən ilin avqustunda saxlanılıb. Bu ilin martında ona sifarişli qətl ittihamı ilə 22 il, apreldə isə hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək ittihamı ilə 9 il həbs cəzası verilib.

Yekaterinburqdakı digər diaspor rəhbəri Vidadi Mustafayev isə ötən ilin dekabrında dələduzluq ittihamı ilə saxlanılıb.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə bu yaxınlarda rusiyalı həmkarı Sergey Lavrovla görüşüb və iki ölkə arasında münasibətlərin normallaşdığını bildirib.