Şərlənərək həbs edilən Qarabağ Qazisi həbsxanada işgəncəyə məruz qalıb

10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan müharibə veteranı, siyasi məhbus Sabirabad sakini Bəxtiyar Məmməd oğlu Bağırovu döyüb "karsa" (cəza kamerası) salıblar.
Bu barədə onun ailəsi məlumat verib:
Həyat yoldaşım Bəxtiyar Bağırov 10 saylı Cəzaçəkmə Müəsissəsində daim zorakılığa məruz qalır. Evdən göndərilən sovqatı o şəkildə çatdırırlar ki, yemək mümkün olmur. Köynəyini götürüb zibilliyə atıblar. Ona edilən qanunsuz əməllərlə bağlı telefonda məlumat verəndə danışığı kəsirlər. Ailə danışığını dinləyirlər. Sonuncu dəfə Bəxtiyar telefonla danışanda orda telefona baxan Pentensiarın Vəli adlı əməkdaşı Bəxtiyarın yaxasından yapışıb divara çırpıb, əynindəki köynəyini cırıb. Boynuna yumruqla vurub. Heç bir günahı olmadığı halda, üstəlik zorakılığa məruz qoyaraq karsa salıblar. Bəxtiyar Bağırovun Birinci Qarabağ müharibəsində 5 il könüllü döyüşüb və bütün sağlamlığını itirib. Bəxtiyarın sağlamlığını ermənilər əlindən aldı. İndi də öz ölkəsində canını əlindən alırlar.
Mən Sabirabadda yaşayıram, Bakiya gəlməyə imkanım yoxdur. Burdan üzümü tuturam Pentensiar Xidmətin rəisinə, mənim oğlum əsgərdir, Laçında xidmət edir, atası kimi Vətənini qoruyur. Hörmətli Mirsaleh müəllim, həyat yoldaşım, müharibə veteranı, əsgər atası Bəxtiyar Bağırov 10 saylı Cəzaçəkmə Müəsissəsində daim haqsızlığa məruz qalır. Vaxtilə Vətəni üçün 5 il döyüşən müharibə veteranına sizin əməkdaşlar erməni əsiri kimi rəftar edirlər.