Rusiya və Çinin ABŞ sərhədində birgə təlimi

ABŞ Şimal Qüvvələri Komandanlığı (NORTHCOM) Rusiya və Çinin keçən həftə ABŞ-ın Alyaskaya yaxın beynəlxalq sularda birgə hərbi patrul keçirdiyini açıqlayıb.

“The Wall Street Journal”ın (WSJ) xəbərinə görə, NORTHCOM verdiyi açıqlamada Çin və Rusiyaya məxsus patrulun beynəlxalq sularda qaldığını və ABŞ tərəfindən təhlükə hesab edilmədiyini bildirib. NORTHCOM qeyd edib ki, ABŞ-ın komandanlığındakı hava və dəniz elementləri regionun müdafiəsini təmin etmək üçün birgə əməliyyatlar həyata keçirir.

WSJ ABŞ rəsmisinə istinadən xəbər verir ki, Alyaska yaxınlığındakı beynəlxalq sularda aparılan patrul zamanı Çin və Rusiyaya məxsus 11 gəmidən ibarət donanma ABŞ-ın 4 esminesi və 1 ədəd “P-8 Poseidon” tipli dəniz patrul təyyarəsi tərəfindən yaxından izlənilib. Sözügedən məlumatlar NORTHCOM tərəfindən təsdiqlənməyib.

Mövzu ilə bağlı Çinin Vaşinqtondakı səfirliyindən verilən açıqlamada, "Çin və Rusiya orduları arasında illik əməkdaşlıq planına uyğun olaraq, iki ölkənin donanması bir müddət əvvəl Sakit Okeanın şimal və qərbində ortaq patrul xidməti həyata keçirdi" bildirib.

Rusiya Müdafiə Nazirliyi də açıqlamasında Çinlə birgə patrul həyata keçirdiyini təsdiqləyərək, iki ölkənin donanmasının rabitə və göyərtə sahələrində vertolyotların eniş və qalxma təlimləri və sualtı qayıqlara qarşı təlimlər keçirdiyini açıqlayıb.