Ruhani Hacı Əli Əliyev 7 saylı cəzaçəkmə müəssisəsində karserə salınıb

Saxta ittihamla şərlənərək 15 il azadlıqdan məhrum edilən ruhani Hacı Əli Əliyev 2024-cü ilin may ayının 14-də 7 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Bir neçə gün karantində saxlanıldıqdan sonar 17 may 2024-cü il tarixdən qayda pozuntusu bəhanəsi ilə ruhani Hacı Əli Əliyev "kars"a (cərimə təcridxanasında) salınıb.

Ailəsinin verdiyi məlumata görə, ruhani artıq 20 gündən artıqdır ki, 7 saylı Cəzaçəkmə Müəssisəində "kars"da (cərimə təcridxanasında) saxlanılır.

Ailəsinin bildirdiyinə görə, ruhani Hacı Əli Əliyev haqqında 1 il müddətində həbsxana, qapalı tipli cəzaçəkmə müəssisəsi rejiminə (sabiq Qobustan həbsxanasına) köçürülməsi ilə bağlı qərar qəbul edilib və yaxın günlərdə o Umbakı qəsəbəsində yerləşən qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürüləcək.

Xatırladaq ki, ruhani Hacı Əli Əliyev 2023-cü ilin aprel ayının 6-da (Ramazan ayında) son zamanlar İranla Azərbaycan arasında gərginləşən münasibətlərin ardınca şərlənərək həbs edilib. 2024-cü ilin yanvar ayının 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Əli Əliyevə hökm oxunub. 15 il müddətinə azadlıqdan məhrum edilib.