Rəsmi Tehran: İran Azərbaycan torpaqlarının işğalını pisləyib və onun azad edilməsini yüksək müstəvilərdə dəstəkləyib

“İran İslam Respublikası Azərbaycan və Ermənistan arasında ixtilafların dinc şəkildə, ölkələrin ərazi bütövlüyünün təmin edilməsi və haqqların beynəlxalq hüquq çərçivəsində riayət edlməsinə təkidlə yanaşıb, Azərbaycanın ərazilərinin işğal edilməsini məhkum edib, bu torpaqların azad edilməsini yüksək müstəvilərdə dəstəkləyib.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

Mehr-in məlumatına görə Nasir Kənani Azərbaycan tərəfinin İranın Ermənistana dəstək verməsi ilə bağlı açıqlamalarına münasibət bildirib.

Nasir Kənani deyib:

“Bizim əsas siyasətimiz mehriban qonşuluğa və bütün qonşularla münasibətlərin genişləndirilməsinə əsaslanır və hər bir qonşu ilə münasibətləri gücləndirmək digər qonşuya qarşı olan münasibət deyil.

İki ilə yaxındır ki, Azərbaycan Respublikası müxtəlif siyasi, hərbi və təhlükəsizlik müstəvilərdə Ermənistanın müxtəlif hakimiyyət orqanları ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirib, davamlı sülh və bir-biri ilə barışıq istiqamətində addımlar atır. Bu İran İslam Respublikası tərəfindən dəstəklənir. Qarşı ölkə ilə qonşuluq səviyyəsində adi görüşlərdən narahat olmağın səbəbləri başa düşülən deyil.”

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistan və Azərbaycan sərhədlərində bu yaxınlarda keçirilən təlimi adi və planlaşdırılmış tədbir hesab edib və bildirib ki, bu barədə qonşular tədbirdən əvvəl rəsmi kanallar vasitəsilə məlumatlandırılıb.

Qeyd edək ki, prezident İlham Əliyev Zəfər günü Şuşada çıxışı zamanı İranın adını çəkmədən sərhəddə keçirilən hərbi təlimi tənqid edib.

Əlavə edək ki, İran XİN rəhbərinin Qafanda konsulluğun açılması zamanı "Ermənistanın təhlükəsizliyi" ilə bağlı açıqlaması Azərbaycanda haqlı etirazlara səbəb olub.