Ərdoğan yeni konstitusiya hazırlamağı planlaşdırır

"Türkiyənin yeni konstitusiyasının hazırlanması əsas vəzifələrdən biridir"

Toplum TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalının efirində bildirib.

O vurğulayıb ki, bu, onun administrasiyasının əsas vəzifələrindən biridir. 

“İttifaqımız daxilində bununla bağlı məsələləri qiymətləndirəcəyik, zəruri işləri görəcəyik. Bundan sonra tərəflər arasında dialoq, konsensus axtarışı və tərəflərdən gələn təkliflərin təhlili aparılacaq”, -  deyə o əlavə edib. 

Ərdoğanın sözlərinə görə, Türkiyə hərbi çevrilişlər dövrünün “mirasından” qurtulmalıdır.

Müşahidəçilər Türkiyənin yeni konstitusiyasında Ərdoğan hakimiyyətinin prezidentlik institutunu gücləndirmək istəməsinə diqqət çəkirlər. Müxalifət isə Türkiyənin yenidən parlamentar sistemə qayıtmasının tərəfdarıdır. 

Xatırlatma

Türkiyədə seçkilərin birinci turu mayın 14-də keçirilib. Hazırkı prezident ilk turda 49,51% səslə qalib gələ bilməyib. Ərdoğanın əsas rəqibi, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu 44,88% səs toplayıb. Sinan Oğan isə 5,17% səs toplayıb.

Mayın 22-də Sinan Oğan ikinci turda Ərdoğanı dəstəkləyəcəyini bildirib. Müşahidəçilərin qənaətinə görə, Oğanın Ərdoğana dəstək bəyanatı hazırkı dövlət başçısının yenidən seçilmək şansını artırır. 

Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.