Quran ayələri və hədislərdə tövbənin nə kimi fayda və bərəkətləri qeyd edilib?

Ayətullah Əl Üzma Məkarim Şirazinin rəsmi saytında yayımlanan cavabı təqdim edir:

 – Tövbənin faydası, bərəkəti olduqca çoxdur. Quran ayələri və hədislərdə də buna geniş formada işarə olunub. Onlardan bəzilərinə işarə edirik:
Günahları məhv edər: Tövbə günahları məhv edir. Aşağıda qeyd edilən ayədə buna işarə olunur: “Ey iman gətirənlər! Allaha səmimi və xalis olaraq tövbə edin. (Bu işlə) Rəbbinizin günahlarınızı bağışlayacağına ümid var…”.
Yer və göyün bərəkətini nazil edər: Tövbə yerin-göyün bərəkətini tövbəkarlara nazil edir. Necə ki, “Nuh” surəsinin 10-12-ci ayələrində gəlmişdir: “Onlara (Nuh qövmünə) dedim: Rəbbinizdən əfv diləyin ki, O çox bağışlayandır. O, sizin üzərinizə bol-bol yağış göndərər. O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar!”.
Günahları savaba çevirər: Tövbə günahların üstünü örtməklə qalmır, həm də onları yaxşılığa çevirir. Necə ki, “Furqan” surəsinin 70-ci ayəsində gəlib. Ayədə buyurulur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər”.
Günahın izlərini örtər: Tövbə xalis olarsa, Allah günahın təsirlərini elə örtər ki, hətta əməlləri yazmağa məmur edilmiş mələkləri unutmağa vadar edər və qiyamətdə şahid qismində üzünə duracaq bədən üzvlərinə əmr verər ki, günahlarını gizlətsinlər. Üzərində günaha mürtəkib olduğu və qiyamətdə şahid olacaq yerə də tapşırar ki, ört-basdır etsin. Belə ki, qiyamət günü məhşərə gələndə heç kəs və heç nə onun əleyhinə şəhadət verməyəcək.
Məsumlardan (ə) nəql edilən bir hədisdə deyilir: “Allah-taala (həqiqi) tövbəkarlara üç fəzilət verib. Hərgah onlardan birini bütün yer və göy əhlinə versə, onlarına nicatına bəs edər…”.
Bu üç xüsusiyyət Allah sözünün məzmunudur. Allah onlardan biri barədə buyurur: “Allah tövbəkarları və pakizə insanları sevir”.
Məsum (ə) davamında buyurur: “Allah sevdiyi kəsə əzab etməz”. Növbəti sözün məzmunu (“Mumin” surəsinin 7-9-cu ayələri) budur ki, tövbəkar Pərvərdigarın lütf və məhəbbətini qazandığı üçün ərşi daşıyanlar ona əfv diləyər, özünün və ailəsinin ali behiştə, Ədn cənnətlərinə daxil olmasını istəyərlər.
Üçüncü sözün məzmunu (“Furqan” surəsi 68-ci ayə) da belədir ki, qiyamət günü tövbəkarların günahı xeyirə çevriləcək.