Qərbin Afrika üçün planı

Rusiya ilə Qərb arasında Ukrayna uğrunda müharibə Afrikaya doğru genişlənir. Ukraynanın Afrika ölkələrində yeni səfirliklər açmasının arxasında Fransanın olduğu və diplomatik fəaliyyətlərin arxasında duran əsas məqsədin Afrikadan Rusiyaya qarşı döyüşmək üçün əsgər toplamaq olduğu iddia edilir. Birləşmiş Dünya Beynəlxalq (UWIDATA) təhlil saytındakı xəbərə görə, Ukrayna Fil Dişi Sahili, Qana, Ruanda, Botsvana, Mozambik, Konqo Demokratik Respublikası, Sudan, Tanzaniya, Mavritaniya və Kamerunda yeni səfirliklər açıb.

Ukrayna və bu təşəbbüsü dəstəkləyən Fransa tərəfi iddia edir ki, Ukraynanın Afrikaya diplomatik hücumunun səbəbi qitəyə yardım göstərmək və müharibə başlayandan bəri kəsilən taxıl tədarükünü bərpa etməkdir.

Ancaq mətbuatda Ukraynadan çıxarılan taxılın Afrikaya deyil, Avropaya daşındığı barədə çoxlu xəbərlər çıxdı. Macarıstanlı jurnalist Barnabas Hayncın iddiasına görə, Ukrayna taxılı Avropada “mənfəət əldə etmək” üçün satılıb. Avropa ölkələrindən olan fermerlərin Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını dayandırmaq üçün keçirdiyi kütləvi nümayişlər də iddiaları təsdiqləyir.

Rusiya tərəfi Ukraynadan ixrac edilən taxılın yalnız 3%-nin Afrika limanlarına çatdığını iddia edərək, Qərbi Qara Dəniz Taxıl Dəhlizi Sazişinə əməl etməməkdə ittiham edib və sazişdən çıxıb.

Ukraynanın Afrikaya diplomatik hücumunun əsas məqsədinin Rusiyaya qarşı döyüşmək üçün Afrika ölkələrindən əsgər toplamaq olduğu iddia edilir. “Kapital Afrika” nəşrində dərc olunan xəbərə görə, Ukrayna tərəfinin Seneqaldan əsgər cəlb etmək cəhdi ölkə hökumətinin diqqətindən yayınıb və iki ölkə arasında böhran yaranıb.

Uwidata-nın xəbərlərində Afrikada fəallıq göstərən və Rusiyaya qarşı ritorikasını gücləndirən Fransa hökumətinin də Ukraynanın qitədəki fəaliyyətlərini dəstəklədiyi iddia edilir.

Regional ekspert politoloq Alaa Dardurinin fikrincə, Fransanın Ukraynanın qitədə, xüsusən də Fil Dişi Sahilində fəaliyyətinə dəstək verməsinin arxasında Rusiyanın Afrikadakı təsirini azaltmaq strategiyası dayanır.

Digər siyasi analitik Kassi Kouadionun fikrincə, Ukrayna Fil Dişi Sahilini Qərbi Afrikada strateji təsirini genişləndirmək üçün əsas platformaya çevirməyi hədəfləyir. Ukraynanın afrikalıları Rusiya-Ukrayna münaqişəsinə cəlb etmək cəhdləri də Qərb dövlətlərinin strategiyası ilə üst-üstə düşür. Fransa prezidenti Emmanuel Makron dəfələrlə bəyan edib ki, Kiyevə əcnəbi hərbçilərin göndərilməsi ilə bağlı “heç nəyə göz yummaq olmaz”.

Xəbərdə yer alan digər iddia isə Fransanın Ukraynadan istifadə edərək Afrikada Rusiya, Çin və Türkiyənin artan təsirinə qarşı yeni strategiyaya üz tutmasıdır.

Türkiyənin son illərdə Afrikada artan nüfuzu bir çox Qərb mediasında işıqlandırılıb və Türkiyə Afrikada yüksələn güc kimi təsvir edilib.