“Qaçqınkom”un sahə rəisi rüşvət alarkən tutulub

Rüşvət müqabilində dövlət mülkiyyətində olan mənzilləri istifadəyə verən vəzifəli şəxs ifşa edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil kommunal istismar sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əmək haqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. Valeh Abdullayev tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb.

 

 

APA