6 saylı cəzaçəkmə müəssisəsində Rövşən Əliyevə azuqənin göndərilməsi qadağan edilib

Martın 13-də 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülən Rövşən Əliyev hələ də kamera tipli otaqda saxlanılmaqdadır. Müəssisəyə gələn ilk gündən karantinə alınaraq ardınca karserə salınan inanclı aprelin 1-dən iki ay müddətinə kamera tipli otağa (PTK- Помещение камерного типа) məhküm edilib. Müəssisə rəhbərliyi cəzanın 2 aydan sonra bitib-bitməyəcəyi haqda məlumata malik olmadığını söyləyib. 
Rəsmilərin bildirdiyinə görə qərar “yuxarılarındır”. Əgər onlar iyunun 1-də bitəcək PTK müddətini artırmaq və ya Rövşən Əliyevi ciddi və qapalı rejimli həbsxanaya göndərəcəkləri ilə bağlı qərar verəcəklərsə onların bu qərarı icra etməkdən başqa əlacları yoxdur. Hər şey qalır yuxarıların “istəyinə”.

Məsələ burasındadır ki, PTK-ya alınan Rövşən Əliyev qapalı şəraitdə qanunun əksinə olaraq saxlanılmasından əlavə məhrumiyyət, psixoloji təzyiqlərlə üzləşməkdə davam edir. Hətta ailəsi ilə telefon zəngləri belə xüsusi müraciət, məktub əsasında çox böyük çətinliklə həyata keçir. Azuqə, ailəsi vasitəsi ilə müəssisəyə hər hansı bir sovqatın qəbulu isə qətiyyətlə qadağan edilib.

Bütün bunlar birmənalı olaraq Rövşən Əliyevin işgəncəyə məruz qalmasının aydın təzahürüdür. Onun işgəncə səbəbi isə hələ azadlıqda olduğu zaman yaşadığı Bakının Bilgəh kəndində narkotilərlə bağlı mübarizəsidir. Dövrü mətbuatda geniş işıqlandırılan bu hadisə görünür kimlərinsə ciddi küskünlüyünə səbəb olub.

Vəziyyətlə bağlı Rövşən Əliyevin ailəsi dəfələrlə Ombudsmanlığa müraciət etsə də, insan haqlarının müdafiəsi təşkilatı hələ ki, heç bir addım atmayıb.

Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü olan Əliyev Rövşən Seyfəli oğlu 12 may 2023-cü il də yaşadığı Bigəh qəsəbəsində saxlanılmışdı. Ötən il dekabrın 2-də o, 3 il müddədinə cəza almış və 2024-cü il mart ayının 13-də 6 saylı müəssisəyə köçürülmüşdü.