Penitensiar Xidmət hələ də qanunsuz cəzalandırmanı davam etdirir

Artıq iki ayı keçən bu müddətdə bütün müraciətlərə baxmayaraq Penitensiar Xidmət Rövşən Əliyevi təkadamlıq kamerada saxlamaqda davam edir. Baş İdarədə rəsmilərlə belə görüşlərdə məsələnin həll olunacağı söylənilsə də inanclı hələ də cəza kamerasındadır. 

Martın 13-də 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülən Rövşən Əliyev səbəbsiz olaraq kamera tipli otağa məhkum edilib. Müəssisəyə gələn ilk gündən karantinə alınaraq, ardınca karserə salınan inanclı aprelin 1-dən iki ay müddətinə kamera tipli otağa məhkum edilib. Rəsmilərin bildirdiyinə görə, qərar “yuxarılarındır”. 

Şuşanın İslam ölkələrinin paytaxtı elan edildiyi bir zamanda, bir neçə gün öncə mədəniyyətlərarası (dinlərarası) konfransın yekunlaşdığı ölkəmizdə günahı yalnız inancı olan dindarlara qarşı bu növ davranış həqiqətən də sözlə ifadə olunası deyil.

Sanki görüntüdə təmir olunan məscidlər, təşkil olunan toplantılar adı İslam olan mücərrəd bir düşüncə davamçılarını axtararkən həqiqi inanclılara amansız divan tutulması görməzdən gəlinir. Acınacaqlı hal isə budur ki, bu təkcə inanclıların azad yaşamaq hüququnun məhdudlaşdırılması ilə yekunlaşmır.

Ədliyyənin cəza maşını gah onları ölümlə hədələyir, gah susuz qoyur, təhqir edir, bəzən də parçalanacaq qədər işgəncələr yaşatmaqla həbsxana həyatını inanclılara cəhənnəmə çevirməyə davam edir.

Məsələnin həlli altında yatan səbəb isə bəllidir. İnanclıların işgəncəsi, inanca məhəbbəti olanları təzyiq altında saxlamaqla bu günün siyasi mənzərəsini mövcud hadisələrlə məhdudlaşdırmaq. 

Lakin xatırlatmaq yerinə düşərdi ki, xalqın dəyər olaraq ayrılmaz hissəsi olan inancın bundan öncə də ölkə üçün həyati əhəmiyyətli handisələrdə oynadığı rol Azərbaycan üçün bundan sonra da eyni əhəmiyyətini qoruyacaq gücə malikdir.