Pakistan polisi: 46 nəfərin öldüyü terror aktının arxasında İŞİD dayanır

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində baş vermiş terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Hindistanın “The Siasat Daily” gündəlik nəşri Pakistanın Xayber-Paxtunxva əyalətinin polis idarəsinə istinadən məlumat yayıb.

Polisin verdiyi açıqlamaya əsasən, ilkin istintaq nəticəsində məlum olub ki, 46 nəfərin ölümü və 200-ə yaxın insanın yaralanması ilə nəticələnən terror aktı İŞİD terror təşkilatı tərəfindən təşkil edilib.

Xatırladaq ki, dünən Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində yerli vaxtla saat 16:00 radələrində kamikadzenin özünü partlatması nəticəsində terror hadisəsi baş verib.

Hadisə partiya liderlərindən birinin təxminən 400 nəfərdən ibarət bir qrup tərəfdarının qarşısında çıxış etdiyi zaman baş verib.