İraqın şiə bloku Trampın xəbərdarlıqlarına baxmayaraq Nuri əl-Malikini dəstəklədiyini təsdiqləyib

İraqın şiə siyasi bloklarının ittifaqı olan Koordinasiya Çərçivəsi ABŞ prezidenti Donald Trampın Nuri əl-Malikinin yenidən hakimiyyətə qayıdacağı təqdirdə Vaşinqtonun İraqa artıq kömək etməyəcəyi barədə xəbərdarlığına baxmayaraq, keçmiş baş nazir Nuri əl-Malikini növbəti hökumətə rəhbərlik etmək üçün dəstəklədiyini bir daha təsdiqləyib.

Bu barədə Alarabiya məlumat yayıb.

Parlamentdə çoxluğa malik olan blok, 2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi işğal nəticəsində Səddam Hüseynin devrilməsindən sonra İraqın ilk seçilmiş baş naziri olan əl-Malikini seçkilərdən sonra bu vəzifəyə namizəd kimi irəli sürüb.

Koordinasiya Çərçivəsi bəyanatında bildirib ki, “baş nazirin seçilməsi sırf İraqın konstitusion məsələsidir və xarici müdaxilə olmadan həyata keçirilməlidir”. Eyni zamanda vurğulanıb ki, ittifaq beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmətə əsaslanan balanslı münasibətlər qurmağa çalışır.

Trampın bu hədələri respublikaçı prezidentin İranla əlaqəli qrupların İraqdakı təsirini məhdudlaşdırmaq kampaniyasının indiyədək ən kəskin nümunəsidir. İraq isə uzun müddətdir ki, iki əsas müttəfiqi olan Vaşinqton və Tehran arasında tarazlıq siyasəti yürütməyə çalışır.