Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Nərmin Quliyevanın qətlində təqsirli bilinərək məhkum edilən İlkin Süleymanovun şikayəti üzrə Azərbaycan hökuməti ilə kommunikasiya başladıb.
Bu barədə vəkil Fariz Namazlı sosial media hesabında məlumat verib.
İ.Süleymanov ərizəsində saxlanılmasının və barəsində həbs qətimkan tədbiri seçilməsinin qanunsuz olduğunu,
bu müddət ərzində pis rəftara məruz qaldığını, həmçinin Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən təqsirsizlik prezumpsiyası hüququnun pozulduğunu bildirib.
Avropa Məhkəməsi tərəflərə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncəyə məruz qalmamaq hüququ), 5.1, 5.3, 5.4-cü (azadlıq hüququ), 6.2-ci (təqsirsizlik prezumpsiyası) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrinin pozuntusunun olub-olmamasına dair suallar ünvanlayıb.
2019-cu il noyabrın 19-dan itkin düşən, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Bu hadisəyə görə kənd sakini İlkin Süleymanov həbs olunub. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələriylə ittiham edilib.
İ.Süleymanova 2023-cü ilin iyununda 18 il həbs cəzası verilib.
Təqsirləndirilən şəxs ibtidai istintaqda ona işgəncə verildiyini, buna görə etirafedici ifadə verdiyini deyib. O, məhkəmədə ifadəsində ittihamları rədd edib.
AİHM İlkin Süleymanovun şikayəti üzrə Azərbaycan hökuməti ilə kommunikasiya başladıb