“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Nurlan Libre (Qəhrəmanlı) fevralın 6-na təyin olunmuş məhkəməyə gəlməkdən imtina edəcəyini bildirib.
Bu barədə jurnalistin yaxınları Meydan TV-yə məlumat verib.
Libre qeyd edib ki, buna səbəb onun əvvəlki məhkəmədə zorakılıq görməsi ilə bağlı prokurorluğa müraciət etməsi və müsbət cavab ala bilməməsidir.
Prokurorluq zorakılıqla bağlı sorğuya cavab olaraq bildirib ki, hər hansı qanunazid əmələ rast gəlinməyib.
Belə ki, dekabrın 22-də “Meydan TV işi” üzrə keçirilən məhkəmədə qanunsuz həbslərə etiraz olaraq qollarını kəsib. Penitensiar Xidmətin əməkdaşları onun qolunu arxadan qandallayaraq zorakılıqla cəzaçəkmə müəssisəni aparıblar. Bundan sonra Nurlan Libre 2 gün karsda saxlanılıb.
Jurnalist Nurlan Libre yanvarın 16-da keçirilən məhkəmədə aclıq aksiyasına başladığını bildirmişdi. O, aclıq aksiyasını hələ də davam etdirir.
Nurlan Libre 2025-ci il fevralın 21-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan onun həbs müddəti artırılıb.
Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir.
2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7 maddə əlavə olunub.
“Meydan TV işi” üzrə həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
Jurnalist Nurlan Libre məhkəməyə gəlməkdən imtina edəcəyini bildirib