Sentyabrın 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə prosesi təyin olunduğu vaxtdan (saat 15:00) gec başlayıb. Məhkəmədən buna səbəb kimi Əbülfəz Bünyadovun müalicə müəssisəsindən gətirilməsini göstərib.
Müdafiə vəkilləri apellyasiya şikayətinin dəlilləri ilə bağlı çıxış ediblər. Onlar bildiriblər ki, təqsirləndirilən şəxslər onlara elan olunmuş itthamlarda özlərini təqsirli bilmirlər və hesab edirlər ki, onlara qarşı verilmiş bu hökm qanunsuzdur, hər hansı bir cinayət törətməyiblər. Qeyd ediblər ki, Müsəlman Birliyi Hərəkatı (MBH) 2015-ci ilin yanvar ayında qanuni şəkildə yaradılıb, təsis sənədləri, nizamnaməsi hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunub. Lakin iki dəfə nazirlik tərəfindən imtina verilib. Sonuncu dəfə noyabr ayında geri qaytarılıb. Sadəcə Nardaranda baş verən hadisələrdən sonra təşkilatın üzvləri həbs olunub deyə yenidən nazirliyə təqdim oluna bilmədi. Amma ölkədə Ədliyyə Nazirliyinin qeydiyyatından keçməmiş çoxlu sayda təşkilatlar var ki, bunların fəaliyyəti qanunla qadağan deyil.
Daha sonra müdafiə tərəfi apellyasiya şikayətinin çıxış hissəsi üçün vaxt istəyib. Hakim Ə. Bayramov növbəti prosesin 14 sentyabr saat 15:00-a təyin olunduğunu elan edib.
Xatırladaq ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra həbs edilib. O, 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib. E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Bünyadovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib. Həbsdə olan Ə.Bünyadov bir müddət azadlığa çıxıb. 11 iyul 2018-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Bünyadovun 15 il, Elxan İsgəndərovun 14 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 3 iyul 2018-ci il tarixdə dövlət ittihamçısı çıxışında Elxan İsgəndərovun 14 il azadlıqdan məhrum edilməsini, Ə. Bünyadovun isə 15 il azadlıqdan məhrum edilməsini, bundan əvvəl istintaq dövründə 11 ay, 5 gün həbsdə yatması, ona görə bu müddət çıxılmaqla 14 il 25 gün azadlıqdan məhrum edilmə cəzası və həmin müddətin 3 ilini Qobustan həbsxanasında çəkməklə qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məhkəmədən xahiş etmişdi.
"Nardaran işi 4": Vəkillər çıxış üçün vaxt istədilər - Video
Oxşar xəbərlər