Apellyasiya Məhkəməsi Emin Aslanı həbsdə saxlayıb

İyunun 8-də Bakı Apelyasiya Məhkəməsi iyunun 5-də Nərimanov Rayon Məhkəməsinin İnzibati Xətalar Məcəlləsininin 535.1-ci (Polisin qanuni tələbəinə tabe olmama) maddəsinə əsasən 30 sutka inzibati həbsə məhkum etdiyi hüquqşünas Emin Aslanın şikayətini təmin etməyib. Məhkəmə Emin Aslanı həbsdə saxlayıb.

Vəkil Elçin Sadıqov məhkəmənin qərarındaqn narazı olduğunu bildirib.

Onun sözlərinə görə, Emin Aslan məhkəmədə onun Meydan televiziyası ilə bağlı dindirildiyini bildirib.

Elçin Sadıqov deyib ki, həbs qərarında Emin Aslanın iyunun 4-də gecə saat 23:30-da Nərimanov adına istirahət parkında tutulduğu yazılıb.

"Qərarda yazılıb ki, guya, parkda telefonla kiminləsə söhbəti zamanı söyüş işlədib. Polis söyüşün dayandırlmasını tələb etsə də Emin Aslan məhəl qoymayıb. Amma əslində Emin Aslanı iyunun 4-də saat 17:30 radələrində Milli Parkda yerləşən "Park Bulvar" Ticarət Mərkəzinin qarşısında tutublar. Biz bunu təsdiq edən şahid ifadələri də təqdim etmişik və videogörüntülərin məhkəməyə təqdim edilməsi barədə vəsatət qaldırmışıq", o qeyd edib.

Vəkilin sözlərinə görə, məhkəmə müdafiə tərəfinin 8 vəsatətinin heç birini təmin etməyib.

Bununla yanaşı, hüquq müdafiəçisi Anar Məmmədli jurnalistlərə bildirib ki, Emin Aslana Meydan.tv saytında dərc olunan məqalələri, tərcümələrinin meydan televiziyasının saytında dərc olunması, hüquqşünas kimi fəaliyyəti barədə suallar verilib.

"Bütün bunlar bir daha Emin Aslanın həbsinin siyasi sifariş olduğunu təsdiq edir", Məmmədli qeyd edib.

Emin Aslan həbsindən bir neçə gün öncə ABŞ-ın Sirakuz Universitetində hüquq sahəsi üzrə təhsilini başa vuraraq Bakıya qayıdıb.

O, iyunun 4-də Bakıda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Sosial şəbəkələrdə Emin Aslanın işgəncəyə məruz qaldığı barədə məlumatlar yer alsa da məhkəmədə o işgəncəyə məruz qalmadığını bildirib.

Turan