DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən “Süleyman camaatı”nın rəhbəri saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşlarının özünü “Süleyman camaatının Bakı məntəqəsi üzrə rəhbəri” kimi qələmə verən Mikayılov Səid Mehman oğlunun rəhbərliyi ilə Bakı şəhərində müxtəlif hazırlıq kursları, tələbə yataqxanaları və uşaq bağçaları adı altında fəaliyyət göstərməklə, faktiki olaraq “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmadan və azyaşlılar cəlb edilməklə dini ayinlər aparmasının qarşısı alınaraq “camaatın rəhbəri” və bir sıra üzvləri müvafiq olaraq cinayət və inzibati məsuliyyətə cəlb olunub.

Hazırda Səid Mikayılovun təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi rayon məhkəməsində baxılır.

Xatırladaq ki, Azərbaycanda qeyd olunan tədbirlər 2026-cı ilin yanvar ayında başlanılıb, qruplaşmaya aid dərshanələr və uşaq bağçaları bağlanılıb. 2026-cı ilin avqust ayında isə Türkiyə Respublikasında “Süleyman camaatı” dini icmasının rəhbəri Alihan Kuriş də daxil olmaqla bir neçə “camaat” üzvünün “cinayətkar dəstəyə rəhbərlik etmək, dələduzluq, vergidən yayınma, çirkli pulların yuyulması” ittihamı ilə həbs olunması haqqında mediada məlumatlar yayılıb.