Azərbaycanda daha bir ziyarətgah olan məzarda vandallıq: Şeyxin məzarı açıldı

Şabranın Leyti kəndindəki qədim qəbiristanlıq vandalizmə məruz qalıb.

Kənd sakinlərinin bildirdiklərinə görə, məzarlardan birinin üstü naməlum şəxslər tərəfindən açılıb.

Açılan qəbir VII əsrdə bölgədə tanınan din xadimi Şeyx Şəmsəddinin uyuduğu məzardır. Yerli sakinlər tərəfindən ziyarətgah kimi qorunan bu məzarın üstünün açıldığını ərazidən keçən kənd sakinləri görüblər.

Kənd sakinləri hesab edir ki, ya kimsə onların inanclarına hörmətsizlik etmək məqsədilə bu əməli törədib, ya da qəbri qazanlar burada hansısa qiymətli əşyanın basdırıla biləcəyini düşünüblər.

Hadisə nəzarətə götürülüb. Fakt üzrə araşdırma aparılır. Qəbirlərin hansı məqsədlə açıldığı və qazıntını kimin həyata keçirdiyi araşdırmanın nəticəsində müəyyənləşdiriləcək.

Oxşar hadisə bir müddət öncə Cəlilabadın Seyidbazar kəndində də yaşanmışdı. Burada da xalqın inanc yeri olan ziyarətgah məzar dağıdılmışdı. Növbəti oxşar hadisə bu məsələ barəsində həyəcan təbili çalır. Xüsusi olaraq burada hədəfə alınan məzarların ziyarətgah olması diqqət çəkir.