Polad Aslanovun saxlanıldığı yerlə bağlı həyat yoldaşına ziddiyyətli məlumatlar verilib

Həbsdə olan “Xeberman.com” saytının rəhbəri Polad Aslanovun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüyü bildirilir. Oktyabrın 20-də jurnalistin həyat yoldaşı Gülmirə Aslanovaya həmin müəssisədən zəng edilərək onun orada olduğu deyilib. Halbuki 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi Polad Aslanovun hələ də həbsxanada, cəza kamerasında saxlandığını bildirib.

Bu barədə Gülmirə Aslanova “Abzas Media”ya məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 18-də cəzaçəkmə müəssisəsinə gedərək həyat yoldaşı ilə telefon danışığının bərpa olunmasını istəyib. Həmin vaxt ona jurnalistin aclıq aksiyası keçirdiyinə görə cəza kamerasına salındığı və telefon danışığına da qadağa qoyulduğu deyilib.

Lakin oktyabrın 20-də Penitensiar Xidmətin Müalicə Müəssisəsindən gələn zəng zamanı Polad Aslanovun orada olduğu bildirilib.

“Mənə dedilər ki, Polad ötən şənbədən Müalicə Müəssisəsindədir. Amma həbsxana rəisi mənə demişdi ki, o, oradadır, sadəcə, “kars”dadır. Heç bir məlumat ala bilmirəm, danışa bilmirəm”, - Gülmirə Aslanova bildirib.

Aslanova oktyabrın 12-dən həyat yoldaşı ilə əlaqə saxlaya bilmədiyini, onun səhhəti və aclıq aksiyasını davam etdirib-etdirməməsi barədə məlumatının olmadığını deyir.

“Ötən həftənin birinci günündən bəri heç bir məlumatım yoxdur. Oktyabrın 18-də həbsxanaya gedib, həyat yoldaşımla telefon danışığının bərpa olunmasını istədim. Çünki aclıq edən məhbus “kars”a deyil, tibbi-sanitar hissəyə köçürülməli və həkim nəzarətində olmalıdır. Mənə bildirdilər ki, aclıq etdiyinə görə “kars”a salınıb və telefon danışığına da buna görə qadağa qoyulub”, - o bildirib.

Jurnalistin həyat yoldaşı oktyabrın 19-da Ombudsman Aparatı və Penitensiar Xidmətlə də əlaqə saxladığını deyib. O, Ombudsman Aparatından Milli Preventiv Qrupun həkim heyətinin Polad Aslanova baş çəkməsini və səhhətini yoxlamasını istəyib.

“Şikayətimi qeydə alıblar, görək tədbir görəcəklərmi”, – Gülmirə Aslanova əlavə edib.

Polad Aslanovun oktyabrın 8-də məktəblərdə hicabla bağlı tətbiq edilən qadağalara etiraz olaraq aclıq aksiyasına başladığı bildirilmişdi.

Gülmirə Aslanovanın sözlərinə görə, daha sonra Ədliyyə Nazirliyinin Cavid Quluzadə adlı əməkdaşı jurnalistlə görüşərək məsələnin bazar ertəsi həll olunacağını, hicab qadağası ilə bağlı prezidentin qərarının olmadığını və yayılan məlumatların yanlış olduğunu deyib. Bundan sonra Polad Aslanov aclığı dayandırıb.

Lakin həyat yoldaşı ilə telefon danışığından sonra yenidən aclıq aksiyasına başlayıb.

“Polad mənə zəng elədi, mən də dedim ki, əslində, bazar ertəsi vəziyyət daha da gərgin olacaq. Ola bilər ki, mən də həbs olunum, onlar belə sənin xəbərinin ictimailəşdirilməsinin qarşısını alırlar. Səninlə bağlı məlumatı verən mənəm. Dedim ki, bunların hamısı ona hesablanıb ki, sənin müdafiəni qırsınlar. Bundan sonra Polad yenidən aclığa başladı”, - Gülmirə Aslanova bildirib.

Onun sözlərinə görə, oktyabrın 12-dən sonra jurnalistlə əlaqəsi kəsilib.

Sentyabrın 21-də Nazirlər Kabineti dövlət məktəblərində şagirdlərin geyim qaydalarına dəyişiklik edib. Qərara əsasən, məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadəyə yol verilmir.

Oktyabrın 6-da isə dövlət məktəblərində çalışan müəllimlərin geyimi ilə bağlı ayrıca tələblər təsdiqlənib.

Bundan sonra Bakı və bölgələrdə bəzi məktəblərdə hicablı şagird və müəllimlərin dərslərə buraxılmadığına dair məlumatlar yayılıb. Yeni qaydaların tətbiqi şagirdlər, müəllimlər və valideynlər arasında etirazlara səbəb olub.

“Xeberman.com” saytının rəhbəri Polad Aslanov 2019-cu il iyunun 12-də həbs edilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinərək 13 il azadlıqdan məhrum olunub.

Jurnalist ittihamı qəbul etmir, fəaliyyətinə görə cəzalandırıldığını bildirir.