ABŞ şirkəti borcdan qurtulmaq üçün aktivlərini 1.65 milyard dollara SOCAR-a satır

ABŞ-nin təbii qaz istehsalçısı olan "Comstock Resources" şirkəti sentyabrın 1-də bildirib ki, borc yükünü azaltmaq məqsədilə Heynsvil şist qazı yataqlarındakı aktivlərini və əlaqəli qaz nəqli infrastrukturundakı paylarını Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 1.65 milyard dollara satmağı planlaşdırır.

Razılaşmaya əsasən, SOCAR "Comstock" şirkətinin "Legacy" və "Western Haynesville" aktivlərində, həmçinin "Pinnacle Gas Services"in qaz nəqliyyatı və infrastrukturu biznesində pay sahibi olacaq.

Sövdələşmənin ilin sonunadək tamamlanacağı gözlənilir.

"Comstock"un məlumatına görə, bu sövdələşmə şirkətin iyunun 30-na olan 3.1 milyard dollarlıq pro-forma xalis borcunun təxminən 1.5 milyard dollara düşməsinə imkan verəcək.

SOCAR-ın rəsmi açıqlamasına görə, şirkətin prezidenti Rövşən Nəcəf bu tərəfdaşlığın strateji əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaratdığını bildirib: ""Haynesville" və "Western Haynesville" yataqlarının işlənməsi üzrə böyük təcrübəyə malik komanda ilə birgə investisiya yatırmaqdan məmnunuq və uzunmüddətli tərəfdaşlığımızın uğurla inkişaf edəcəyinə inanırıq".

"Comstock" şirkətinin İdarə Heyətinin sədri M.Cey Ellison isə deyib ki, bu tərəfdaşlıq borc yüklərinin əhəmiyyətli dərəcədə azaldılmasına və "Western Haynesville" yatağının planlaşdırılan istismarının tam maliyyələşdirilməsinə imkan verəcək.

SOCAR bu ilin əvvəlində Kot-d'İvuardakı "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 faizlik payın alınması ilə bağlı "Eni S.p.A." şirkəti ilə saziş imzalayıb.

 

Xatırlatma

SOCAR 1992-ci il sentyabrın 13-də ölkə prezidentinin fərmanı ilə təsis edilib. Şirkət tam dövlətə məxsusdur, əsas fəaliyyəti neft, qaz və qaz kondensatının hasilatı, emalı, nəqli, həmçinin bu məhsulların daxili və xarici bazarlarda satışı ilə bağlıdır.

Qurumun son hesabatında (2025) aktivləri 96, öhdəlikləri isə 18 milyard manatdan bir qədər çox təqdim edilib. Son illər SOCAR-da çalışanların sayında azalma var.