Gürcüstanda Məhəmməd Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövludu keçirilib

Gürcüstanın Marneuli şəhərində İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mövludu, eyni zamanda “Vəhdət həftəsi” münasibətilə təntənəli mərasim təşkil olunub.

Tədbirin aparıcısı Hacı Çingiz Əliyev qonaqları salamlayıb.

Bayram mərasiminin açılışı Hacı Rahid Kərimovun Qurani Kərimdən tilavət etdiyi ayələrlə başlayıb.

Mərasimdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, Şərqi Gürcüstan Müftisinin nümayəndəsi Bəxtiyar Tanrıverdiyev və Azərbaycandan dəvət olunmuş ilahiyyatçı Hacı Sahib Məmmədov cıxış ediblər.

Natiqlər öz çıxışlarında Həzrət Peyğəmbərin (s) həyatı, İmam Sadiq haqqında, həmçinin İslam aləmində vəhdətin önəmi və mənəvi dəyərlər barədə fikirlərini bölüşüblər.

Tədbirin bədii hissəsində İslam Peyğəmbərinə (s) həsr olunmuş sənədli film nümayiş etdirilib. Programın sonunda iştirakçılara ehsan süfrəsi açılıb.

Tədbir Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilib.