Bloger Elvin İsayevin saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən naməlum istiqamətə aparıldığı bildirilir

Ukraynadan deportasiya edildikdən sonra həbs edilmiş bloger Elvin İsayevin dekabrın 18-də saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən naməlum istiqamətə aparıldığı bildirilir. Bu barədə blogerin yaxınları məlumat verib.
Yaxınlarının sözlərinə görə, İsayev köçürülmə barədə əvvəlcədən xəbərdar edilməyib, proses zamanı da ona əlavə məlumat verilməyib. Ona yalnız Bakı İstintaq Təcridxanasına aparıla biləcəyi deyilib. İddia olunur ki, buna baxmayaraq, o, ənənəvi konvoy avtomobilinə mindirilməyib.
Məlumata görə, Elvin İsayev aparıldıqdan sonra kamera yoldaşı Vahid Əliyev etiraz olaraq quru aclığa başlayıb və buna görə cərimə kamerasına (“kars”) salınıb. Yaxınları Əliyevin qeyri-insani şəraitdə saxlanıldığını, ona gigiyenik vasitə və geyim verilmədiyini iddia edir.
Yaxınları Elvin İsayevi Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşlarının apardığını ehtimal edir. Onlar xatırladır ki, daha əvvəl siyasi məhbus Elşən Kərimovun da 10 saylı Cəzaçəkmə Müəssisəsindən xəbər verilmədən DTX-yə aparıldığı bildirilmişdi.
Qeyri-iş günü olduğuna görə, məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən və 10 saylı Cəzaçəkmə Müəssisəsindən münasibət almaq mümkün olmayıb.
Elvin İsayev Azərbaycandakı korrupsiya hallarını və hakimiyyəti tənqid edən paylaşımlarına görə tanınır. O, 2019-cu ildə Ukraynadan Azərbaycana deportasiya edildikdən sonra Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ittiham olunub və 2020-ci il oktyabrın 31-də 8 il müddətinə azadlıqdan məhrum edilib.