Ermənistan Nazirlər Kabineti Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarla bağlı bir sıra sənədləri ictimaiyyətə açıqlayıb.
“Armenpress”in məlumatına görə, hökumətin rəsmi internet saytında dövlət qurumlarının sərəncamında olan və 2020-ci ilə qədər aparılan danışıqlar prosesinə aid 13 sənəd yerləşdirilib. Bu sənədlər vasitəçilərin illər ərzində irəli sürdüyü təkliflərin məzmunu barədə ümumi təsəvvür yaradır.
Hökumətin məlumatında qeyd olunur ki, həm danışıqların gedişinə dair, həm də həmin sənədlərlə birbaşa əlaqəli açıq mənbəli materiallar dərc olunub.
Yayımlanan sənədlər arasında ATƏT-in Minsk qrupunun 2016 və 2019-cu illərə aid təklifləri, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın baş nazirliyə namizəd qismində parlamentdə səsləndirdiyi bəyanatlar, “Krakov sənədi”, Serj Sarkisyanın Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktub, Rusiyanın “paket təklifləri”, “Kazan sənədi”, “Madrid prinsipləri”, Meğri ilə Qarabağın mümkün mübadiləsi barədə variant, ATƏT-in Minsk qrupunun hərtərəfli təkliflər paketi, ATƏT-in fəaliyyətdə olan sədrinin Lissabon sammitindəki bəyanatı, 1994-cü il Budapeşt sammitinin bəyanatı, BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinə dair qətnamələri yer alır.
Rəsmi Yerevan bildirib ki, bu dərc prosesinin məqsədi 2020-ci ilə qədərki Qarabağ danışıqlarının məzmunu və çərçivəsinə dair ictimaiyyətə daha dolğun məlumat təqdim etməkdir.
Ermənistan Qarabağ münaqişəsinin nizamlanması üzrə bir sıra sənədləri ictimaiyyətə açıqlayıb