O, öz iradəsilə qərar qəbul edə bilməz, yalnız göstərişləri yerinə yetirə bilər

Avqustun 26-da Bakı Apellyasiya Məhkəməsində “Abzas Media işi” üzrə növbəti proses keçirilib. Hakim Zəfər Əhmədovun sədrliyilə baş tutan iclasda əvvəlcə təqsirləndirilən şəxslər hakim heyətinin tərkibinə etiraz ediblər.

“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı Əhmədovun prokurorluqdakı vəzifəsindən xaric edildiyini və müəmmalı şəkildə hakim təyin olunduğunu deyib:
“Zəfər Əhmədov atası, keçmiş millət vəkili Vahid Əhmədovun sayəsində bu vəzifəyə gəlib. O, öz iradəsilə qərar qəbul edə bilməz, yalnız göstərişləri yerinə yetirər”.

Məhkəmə heyəti vəsatəti təmin etməyib və iclas eyni tərkibdə davam etdirilib. Daha sonra vəkillər çıxış edərək jurnalistlərə bəraət verilməsini istəyiblər. Təqsirləndirilənlər də söz alaraq həbslərinin siyasi xarakter daşıdığını və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildiriblər. “Abzas Media”nın direktoru Ülvi Həsənli isə əvvəlki instansiyada olduğu kimi bu məhkəmədən də ədalətli qərar gözləmədiyini deyib.

Xatırlatma: iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi iş üzrə hökm çıxarmışdı. Qərara əsasən, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə ilə ittiham olunublar. Müdafiə tərəfi isə ittihamların əsassız və sübutsuz olduğunu bildirir.