İran gəmiləri təlimdə iştirak etmək üçün Azərbaycana gəlib

İran gəmiləri Azərbaycana gəlib. Bu barədə oktyabrın 15-də məlumat yayan Azərbaycan Müdafiə Nazirliyi (MN) bunu "AZIREX-2025" birgə axtarış-xilasetmə təlimi ilə izah edib.

"Təlimdə iştirak etmək məqsədilə İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət ölkəmizin ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib. Gəmilərin təntənəli qarşılanma mərasimi keçirilib", - məlumatda vurğulanır.

MN əlavə edir ki, sonra İran Ordusunun HDQ-sinin nümayəndə heyəti ilə Azərbaycan HDQ komandanı arasında görüş keçirilib: "Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və "AZIREX-2025" birgə axtarış-xilasetmə təliminin təşkilinə dair məsələlər müzakirə olunub... Birgə təlimin əsas məqsədi Xəzər dənizində təhlükəsizliyin təmin olunması, axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsidir".

Təlimin nə vaxt başlayacağı və nə vaxt başa çatacağı açıqlanmayıb.

Azərbaycan Müdafiə Nazirliyi ilə İran Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış hərbi və hərbi-texniki əməkdaşlığa dair birgə komissiyanın iclasının protokoluna əsasən, "AZIREX-2024" birgə taktiki təliminin isə ötən ilin noyabrında keçirildiyi açıqlanmışdı. Həmin vaxt Azərbaycan gəmiləri İranın Ənzəli limanına yola düşmüşdülər.