Tərlan Səyadov karserə salınıb

Saxlanıldığı Umbakı təcridxanasında siyasi məhbus Tərlan Səyadov karserə salınıb. Bu barədə məlumatı Tərlanın həyat yoldaşı bildirib.

Saxta narkotik ittihamı ilə saxlanılan Tərlan Səyadov iyunun 23-də 3 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 26-da isə o, 1 saylı İstintaq təcridxanasından Umbakı müəssisəsinə köçürülüb. Oktyabrın 10-da ailəsi ilə son telefon əlaqəsi quran Tərlan bildirib ki, bu günlərdə onu bölgüyə salıb çəzaçəkmə müəssisələrindən birinə köçürəcəklər.

Oktyabrın 14-də növbəti zəng günündə Tərlanın ailəsi ilə əlaqə saxlamaması, onlarda Tərlanın köçürülməsi ilə bağlı ehtimal yaradıb. Xanım Umbakı ilə əlaqə yaradaraq Tərlan haqqında sorğusunda ona bildirirlər ki, Tərlan artıq burada deyil, o həbsxanaya köçürülüb.
Xanım sonrakı günlərdə yoldaşından xəbər gözləsə də, Tərlan zəng vurmayıb. Umbakı ilə dəfələrlə əlaqə saxlayan xanıma bildirilir ki, bizim nömrələri məşğul etməyin. Tərlan burada deyil.
Oktyabrın 17-də xanım Penitensiar Xidmətə şikayət ünvanlayaraq T. Səyadovdan heç bir məlumat ala bilmədiyini söyləyir. Cavabında ona bildirilir ki, həyat yoldaşı hələ də Umbakıdadır və ona Tərlan karserə salınma səbəbindən ailəsi ilə telefon əlaqəsi qura bilmir. Xanım karserin səbəbini soruşsa da, ona bu barədə heç bir məlumat verilmir.

T. Səyadovun Umbakıda olduğu halda idarənin bu məlumatı gizlətməsi heç bir hüquq müstəvisinə sığmır. Günlərdir ailənin narahat axtarışları idarənin vəzifəsi olan məlumatın verilməsi ilə həllini tapacağı halda Penitensiar xidmətin insanlara laqeyid münasibəti yalnız əsəb sarsıntısı yaradır. Hələ buna günahsız şəxsin karserə salınması kimi zorakılıqlar da daxildir.
Səyadov Tərlan Ağacan oğlu 2024-cü ilin 15 martında saxlanılıb. Barəsində saxta narkotik ittihamı irəli sürülən inanclı 2025-ci ilin 23 iyununda 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.