Tofiq Yaqublu iqtidar əleyhinə şər və böhtanı gündəmə gətirirdi, buna görə də bir neçə dəfə həbsə məruz qalıb

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun siyasi fəaliyyətinə görə təzyiqlərə məruz qalmasını təsdiqləyib.
O, bu barədə “Pravda”ya açıqlamasında danışıb. Millət vəkili deyib ki, Milli Şura, Azərbaycan Xalq Cəbhəsi, Müsavat partiyaları Tofiq Yaqublunu qurbana çevirərək kampaniyalar təşkil etməyə çalışıblar.
“Onun Milli Şurada Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat aralığında qalmasından hər iki qüvvə xeyli dərəcədə yararlanmaq istədi və onların planları baş tutdu. Burada ən başlıca məqam Əli Kərimlinin Tofiq Yaqublu üzərindən həm cəmiyyət, həm media, həm də xarici təşkilatlar, xüsusi olaraq hakimiyyətlə bağlı ssenariləri, gizli planı ortada idi. Bunu görməmək mümkün deyildi.
Təəssüf ki, Tofiq Yaqublu bütün bu məsələlərin fərqinə varmadan istənilən müstəvidə ən kiçik məqamda əsassız yerə iqtidar əleyhinə şər və böhtanı gündəmə gətirirdi. O, bununla beynəlxalq təşkilatların hesabatlarında adlarını təsbit edirdi. Buna görə də bir neçə dəfə saxlanılmaya və həbsə məruz qalmışdı", - Zahid Oruc bildirib.
Qeyd edək ki, Tofiq Yaqublu heç vaxt Cinayət Məcəlləsinin təhqiri və böhtanı nəzərdə tutan maddələri ilə təqsirli bilinməyib. O, xuliqanlıq, dələduzluq və sairə maddələrlə ittiham olunub.
8-ci dəfə həbs edilən siyasətçi Tofiq Yaqublu aprelin 1-dən qanunsuz həbsinə etiraz olaraq ölüm aclığı edirdi. O, ailəsinin çoxsaylı xahişlərindən sonra aclığını 40 gün sonra dayandırıb.
 
Abzas Media