“Orta gəlir tələsi”nə düşən Azərbaycan – Dünya Bankının hesabatı

Dünya Bankının hesabatında Azərbaycan resurs asılılığına görə 10 ən riskli ölkədən biri kimi göstərilir  

Azərbaycanın son illər “yaşıl iqtisadiyyat”la bağlı təşəbbüslərinin intensivləşdiyi, iqlim dəyişikliyi ilə bağlı qlobal təşəbbüs olan Tərəflər Konfransının (COP) 29-cu toplantısına ev sahibliyi etməyə hazırlaşdığı ərəfədə Dünya Bankı maraqlı bir hesabat dərc edib. 

“Orta gəlir tələsi” adlı hesabatda Azərbaycan karbon tutumlu sənaye sahələrinə bağlanma riski ən yüksək olan 10 ölkədən biri elan edilib. Siyahya daxil olan digər ölkələr İraq, Liviya, Anqola, Ekvatorial Qvineya, Nigeriya, Əlcəzair, Türkmənistan, Qabo və Şərqi Timordur.     

Adıçəkilən hesabatda neftdən yüksək asılılığı olan, iqtisadiyyatını və ixracını şaxələndirməkdə uğursuz olan ölkələrin üzləşdiyi risk səviyyəsi “qəhvəyi dalan” (brown lock-in) indeksi ilə ölçülür. Burda “qəhvəyi” sözü ölkənin istehsalının və ixrac səbətinin əsasını təşkil edən neft və neft məhsullarını nəzərdə tutur.

 

Azərbaycanın da üzləşdiyi “orta gəlir tələsi” nədir?

Dünya Bankının açıqladığı hesabatda Azərbaycan və bir sıra dövlətlər yalnız “resurs lənəti”nə məruz qalmış ölkələr kimi yox, həm də “orta gəlir tələsi”nə düşmüş ölkələr kimi nəzərdən keçirilir. Bu anlayışa görə, daha aşağı gəlirli ixtiyari bir ölkə adambaşına düşən milli gəlirin nisbətən yüksək səviyyəsinə keçir, amma həmin nöqtədə ilişib qalır. “Orta gəlir tələsi”nə düşən ölkələr üçün xarakterik vəziyyət belədir: onlar bir tərəfdən daha aşağı əmək haqqına malik ölkələrlə daha ucuz məhsulların istehsalı, yüksək inkişaf səviyyəsinə malik ölkələrlə innovasiya əsaslı məhsul və xidmətlərin yaradılması sahəsində rəqabət apara bilmirlər.

Bu tələni aşan ölkələrin Çili və Cənubi Koreya kimi nümunələri var. Həmin ölkələrin orta gəlirli ölkədən yüksək gəlirli  ölkəyə keçməsini təmin edən iki amil olub: investisiyaya əsaslanan artımdan innovasiyaya əsaslanan artıma keçiblər və iqtisadiyyatın strukturunun mükəmməlliyini təmin etməyə nail olublar.

“İqtisadiyyatın mükəmməlliyi” dedikdə ixrac səbətinin çeşidi və keyfiyyəti nəzərdə tutulur. Yəni ölkənin ixracatında geniş çeşidə və yüksək dəyərə malik qabaqcıl texnoloji məhsulların payı nə qədər yüksək olarsa, həmin ölkə “mükəmməl iqtisadiyyata malik ölkə” hesab edilir.

Azərbaycanın ixracı ilə bağlı mənzərə aydındır: son 20 ilə yaxın dövrdə ixracın 90 faizinə yaxını neft-qaz məhsulları hesabına formalaşıb. Yerdə qalan kiçik həcmli qeyri-neft ixracatının əhəmiyyətli hissəsi isə hər hansı yüksək dəyərə malik texnoloji məhsullarından yox, əsas etibarı ilə aşağı dəyərə malik, dəyər zəncirindən keçməmiş aqrar məhsullardır (meyvə-tərəvəz, bəzi texnki bitkilər).

Son 15 ildə adambaşına ÜDM göstərisicinin yerində sayması da Azərbaycanın “orta gəlir tələsi”ndə ilişib qaldığını göstərir. 2005-2014-cü illərdə adambaşına ÜDM 1500 dollardan 8000 dollara qədər yüksəlsə də, sonrakı 10 ilə yaxın dövrdə 4000 dollara qədər azaldı və maksimum 7800 dollara qədər yüksələ bildi. Yəni bu illər ərzində 2014-cü ildə qeydə alınan 8000 dollarlıq səviyyəyə çata bilmədi.

 

Əlverişsiz biznes mühiti: “orta gəlir tələsi”nin daha bir səbəbi 

Azərbaycanın təbii resursların kəskin asılılığından xilas ola bilməməsinin köklü səbəblərindən biri də iqtisadi azadlıqların ən sərt şəkildə boğulması, azad rəqabətin sıradan çıxarılması və biznes üçün əlverişli mühitin yaradılmamasıdır. Əslində yüksək texnoloji və innovativ iqtisadiyyata keçidi məhz azad biznes təmin etməli idi.  

Rəsmi təbliğat hər nə qədər ölkədə əlverişli sahibkarlıq mühitindən dəm vursa da, Dünya Bankının yaxın zamanlarda açıqladığı başqa bir hesabat bunun tam əskini göstərir.

Qurumun 2024-cü ilin aprelində Avropa və Mərkəzi Asiya regionu üzrə yaydığı “Özəl sektorun inkişafı üçün imkanların yaradılması” adlı hesabatda qeyd edilir ki, Аzərbaycan regionun 21 keçid ölkəsi arasında yeni bizneslərin yaranma səviyyəsinə görə ən aşağı göstəriciyə malik 5 ölkədən biridir.

Tədqiqatda bu vəziyyəti əks etdirən indikator kimi “Yeni müəssisələrin sıxlıq əmsalı” təqdim edilib. Bu əmsal il ərzində əmək qabiliyyətli əhalinin hər 1000 nəfər hesabı ilə neçə yeni məhdud məsuliyyətli müəssisənin qeydə alınması əsasında hesablanır. 

Azərbaycanla yanaşı göstəricinin aşağı olduğu digər MDB ölkələri Tacikistan, Belorus və Qırğızıstandır. Həmin reytinq sıralamasında Gürcüstan 2-ci, Qazaxıstan 6-cı, Ermənistan 8-ci yerdədir. İnkişaf etmiş Avropa ölkələrinin reytinqində isə Estoniya ilk sırada qərarlaşıb. Müqayisə üçün, Azərbaycanda hər 1000 nəfər əmək qabiliyyətli əhali hesabı ilə yaranan məhdud məsuliyyətli şirkətlərin sayı 2, Gürcüstanda isə 8, Estoniyada idə 25 ədədə yaxındır.

 

Hesabatda təqdim edilən daha bir indikator bazar rəqabəti ilə bağlıdır.

Qiymətlədirmə 10 ballıq şkala üzərindən aparılıb. Rəqabətin ən yüksək səviyyəsi 10 bal, rəqabətin yoxluğu 0 bal əks etdirir.  Azərbaycan Çinin də daxil olduğu 36 ölkə arasında təxminən 4 balla 31-ci yerdə qərarlaşıb. Çexiya və Estoniya maksimum balla 1 və 2-ci sıraları bölüşüblər. Gürcüstan 7, Ermənistan 6,5 balla daha yüksək pillədə yer alıblar (13 və 19-cu yerlər).

Rəqabət mühitinin qiymətləndirilməsi 2006-2022-ci illəri əhatə edib. Hesabat müəllifləri qeyd edir ki, 16 il ərzində Azərbaycanda bazar rəqabətinin yaxşılaşması istiqamətində hər hansı irəliləyiş qeydə alınmayıb. Amma, məsələn, bu müddətdə Ermənistan 2, Gürcüstan 3 balla öz mövqeyini yaxşılaşdırıb. 

 

AbzasMedia