Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Ağa-Əli Yəhyayevə hökm oxunub. Sentyabrın 20-də hakim Elçin Məmmədovun sədrliyi ilə baş tutan iclasda Ağa-Əli Yəhyayev barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.
Saxlanılan andan fiziki işgəncələrə, psixoloji təzyiqlərə məruz qaldığını deyən siyasi məhbusun həbs ittihamlarının qurama olduğu hər kəsə bəlli idi. Həbs olunan zaman Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ona həbsinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən sifariş edildiyini bildirərək onunla bağlı növbəti qərarın da məhkəmədən sonra adı çəkilən idarə tərəfindən veriləcəyi bildirilir.
Hökmdən öncə son söz, çıxış etmək istədiyini bildirən A. Yəhyayev ilk sətrində ölkədə diktatur mühitin yaradılması, eyni halda haqq səsin boğulması üçün kütləvi həbslərin gerçəkləşdiyini söyləməsi hakimin narahatlığına səbəb olub və o, müttəhimin çıxışını kəsərək danışığını dayandırıb.
Ardınca geniş məzmunlu çıxış edən vəkil Zibeydə Sadiqova da A. Yəhyayevin günahsız olmasına dair çoxsaylı sübutlara toxunub, həbslərin siyasi olduğuna diqqət çəkib.
Qısa müzakirəyə ayrılan məhkəmə heyəti fasilədən sonra hökmü elan edib. Dövlət ittihamçısının Ağa-Əli Yəhyayev barəsində istədiyi 11 il müddətinə azadlıqdan məhrum olunma cəzası üçün maddədə əksini tapan sübutlar olmadığını bildirən hakim maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Ağa-Əli Yəhyayevi 7 il müddətinə azadlıqdan məhrum edib.
Keçmiş “Nardaran məhbusları”na qarşı narkotiklərlə bağlı ağırlaşdırıcı hallar bundan öncə də tətbiq edilib. Belə ki, “Nardaran işi” ilə bağlı əfv olunan şəxslərin növbəti reperessiya dövründə saxlanılmaları əfv dövründə azaltdıqlarını onların yeni işlərinə ağırlaşdırıcı hal olaraq əlavə edilir. Bu sırada Etibar İsmayılov, Nahid Qəhrəmanlı, Şamil Abduləliyev, Seymur Aslanov, Vüsal Alış və digərlərinə də həbs ağır cəza verilməsi buna sübutdur.
Xatırladaq ki, Azərbaycanda hakimiyyətin kütləvi həbslər gerçəkləşdirdiyi dini camiədə Şiələrin həbsi 2022-ci ilin sonlarından daha intensiv hal alıb və bu gün də davam etməkdədir. Hüquq müdafiəçiləri bu sayın minin üzərində olduğu qənaətindədirlər. Bu sırada yer alan Ağa-Əli Yəhyayev 2023-cü il avqustun 31-də saxlanılmışdı.
Ağa-Əli Yəhyayev 7 il müddətinə azadlıqdan məhrum edildi