Əli Kərimlinin məhkəməsi önündə dəstəkçilərə polis müdaxiləsi olub, 8 nəfər saxlanılıb

Seymur Həzi: "Nəsimi Rayon Məhkəməsində hazırda davam edən prosesdə Əli Kərimli həbs oluna bilər"
Dekabrın 2-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin işi üzrə məhkəmə prosesi davam edib.
Partiyadan verilən məlumatda qeyd olunur ki, siyasətçiyə dəstək məqsədilə Nəsimi Rayon Məhkəməsinə gələn çoxlu sayda tərəfdaşına polis müdaxiləsi olub.
Polis müdaxiləsi nəticəsində Gülnarə Rəhimova, Ruslan Əmirov, Elçin Hacıvəli, Vidadi Mirkamal, Rövşən Səfərov, Elməddin Muradov, Şəkər Şükür və Rövşən Rəhmov saxlanıldığı bildirilir.
Partiya sədrinin müavini Seymur Həzi özünün "Facebook" hesabında ölkə ictimaiyyətinə müraciət edərək Əli Kərimlinin həbs oluna biləcəyini bildirib. O, fəal ictimaiyyəti Əli Kərimlini dəstəkləməyə çağırıb.
Əli Kərimli barəsində şikayəti keçmiş partiya funksioneri Aydın Əliyev verib. O, şikayətini əsaslandırmasa da, iddia edir ki, partiya sədrinin ictimai təhqirlərinə məruz qalıb.
2019-cu ildə partiya sıralarından xaric edilən Əliyev məhkəmə yolu ilə yenidən üzvlüyünü bərpa edib. Onun başqa bir şikayəti əsasında isə AXCP-nin son qurultayının nəticələri etibarsız elan edilib.
AXCP son illərdə ölkədə keçirilən seçkiləri boykot edir. Partiya davamlı olaraq qərarını seçkilərin legitim və bərabər əsaslarla keçirilməməsi, siyasi represiyalar fonunda baş tutması ilə əsaslandırır.
 
AbzasMedia