İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçmiş deputat, iqtisadçı alim Nazim Bəydəmirlinin işi üzrə məhkəmə prosesi davam edib.
Gununsesi.info-nun xəbərinə görə, məhkəmə iclasında “Avto Qarant” MMC-nin mühasibi Kifayət Vəliyeva ifadə verib.
O, bildirib ki, 25 iyun 2023-cü ildə Ədalət Bağırov otağa daxil olarkən dilxor, qanıqara olub. Ondan nə baş verdiyini soruşub.
Cavabında Ədalət Bağırov bildirib ki, bir gün əvvəl Nazim Bəydəmirli onu video ilə şantaj edərək pul tələb edib.
O, da 10 min manat vermək məcburiyyətində qalıb.
Nazim Bəydəmir şahidə üzünü tutaraq deyib “Gözümün içinə bax…”
Ancaq onun bu təkidlərinə baxmayaraq, şahid onun üzünə baxmaqdan intina edib.
Üzünü yenidən şahidə tutan Nazim Bəydəmirli “Yaşlı qadınsan. Heç olmasa, yaşına-başına hörmət elə” deyə ona ironiya edib.
Növbəti şahid həmin müəssisədə mühafizəçi işləyən Saleh Hüseynov olub. O, bildirib ki, Nazim Bəydəmirlinin müəssisəyə əsəbi halda gəldiyini görüb.
Sonradan Ədalət Bağırov ona sabiq deputatın şəkillərlə onu şantaj etdiyini, bu səbəbdən ona 10 min manat verdiyini deyib.
Şahid həm Nazim Bəydəmirlinin, həm də onun vəkili Aqil Layıcın suallarını cavablandırarkən videonu da, pulun verilməsini də görmədiyini bildirib.
Aqil Layıc şahidlərdən iş rejimini soruşub. Bildiriblər ki, 5 gün işləyirlər.
Aqil Layıc bildirib ki, iyunun 25-i istirahət günüdür. Həmin gün ofisdə Ədalət Bağırovu necə görə bilərdi? Şahid vəkilin bu sualını cavabsız qoyub.
Qeyd edək ki, müdafiə tərəfi şahidlərdən istintaqa hansı formada cəlb olunduqlarını soruşsa da, onlar bu suala cavab verə bilməyib. Məhkəmə prosesi davam edir.
Nazim Bəydəmirlinin məhkəməsində yalançı şahidlər