“Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında nəzərdə tutulan görüş baş tutmayıb.
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev "Report" İnformasiya Agentliyinə bildirib ki, nəzərdə tutulan görüşdən Ermənistan tərəfi imtina edib.
“Biz görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı ilə, sonra isə Azərbaycan və Ermənistan arasında ikitərəfli formatda olmasını təklif etmişdik. Ermənistanın bu görüşdən imtina etməsini onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk” - Hikmət Hacıyev bildirib.
Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan isə deyib ki, prezidentlərin görüşünü elə Ermənistan tərəfi təklif edib, Azərbaycan isə təklifi geri çevirib.
“Biz Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında ikitərəfli görüşün keçirilməsini təklif etdik, lakin Azərbaycan tərəfi bu təklifi rədd edib. Ermənistan tərəfinin təklifi hələ də qüvvədədir. Ermənistan danışıqların ən yüksək səviyyədə intensivləşdirilməsi və bir ay ərzində sülh müqaviləsinin imzalanmasına nail olmaq təklifini təkrarlayır" - Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Ötən il Azərbaycan “Avropa Siyasi Birliyi”nin İspaniyada keçirilən 3-cü Zirvə toplantısında iştirakdan imtina edib. Azərbaycan tərəfi bunu onunla əsaslandırıb ki, Birliyin təşəbbüskarı olan Fransa Azərbaycana qərəzli münasibət göstərir və Azərbaycan-Ermənistan sülh danışıqlarında Türkiyə prezidentinin iştirakına şərait yaradılmır.
AbzasMedia
Əliyev və Paşinyanın Londonda görüşü baş tutmayıb, hər iki tərəf bir-birini ittiham edir