Beynəlxalq qurumlar Ülvi Həsənliyə azadlıq tələb edir

"AbzasMedia-nın direktoru Ülvi Həsənli Azərbaycanda yüksək səviyyədə korrupsiya iddialarını cəsarətlə ifşa edib və ictimai maraq doğuran vacib məsələləri işıqlandırıb". Bunu "Amnesty International" təşkilatının Cənubi Qafqaz üzrə araşdırmaçısı Nataliya Nozadze AbzasMedia-nın direktoru Ülvi Həsənlinin noyabrın 20-də saxlanmasına münasibət bildirərkən deyib. Həsənlinin evində və ofisində axtarış aparılıb. Polis onun ofisində 40 min avro tapıldığını iddia edir və ona qaçaqmalçılıq ittihamı irəli sürülüb. Özü isə ittihamı rədd edib.

"Amnesty International" Ü.Həsənlinin saxlanarkən döyülməsi, digər pis rəftara məruz qalması haqda məlumatlardan narahatlığını bildirir.

"Ülvi Həsənlinin həbsi hakimiyyətin narazıları sıxışdırması, tənqidçiləri həbs etməsi çərçivəsində baş verir. Hakimiyyət Ülvi Həsənliyə qarşı ...cinayət maddəsi irəli sürənə, bunu mötəbər dəlillə əsaslandıranadək onu dərhal azadlığa buraxmalıdır", – N.Nozadze deyib.

"Amnesty" qeyd edir ki, Ü.Həsənli 2010-cu illərin sonlarında NİDA Vətəndaş Hərəkatının fəalı olub, hökumətin davamlı təqibi ilə üzləşib. O, 2018-ci ildə səhhətində problemlərə baxmayaraq hərbi xidmətə aparılıb. 2021-ci ildə araşdırmaçı jurnalist kimi işinə görə qısa müddətə saxlanılıb.

 

CPJ-nin bəyanatı

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də Azərbaycan hakimiyyətini Ü.Həsənlini dərhal azadlığa buraxmağa, müstəqil medianın azad işinə şərait yaratmağa çağırıb.

Ü.Həsənlinin saxlanmasından sonra AbzasMedia Facebook-da yaydığı bəyanatda onun həbsini prezident İlham Əliyev və onun təyin etdiyi məmurların korrupsiya cinayətlərinə dair araşdırmaları ilə əlaqələndirib.

AbzasMedia son aylar yüksək rütbəli məmurlar və prezident Əliyevin qohumlarının sərvətinin mənbəyini araşdırırdı.

"Azərbaycanda hələ də rəsmi korrupsiyanı araşdırmağa cəsarət edən azsaylı yerli media orqanlarından olan AbzasMedia-nın ofisinə basqın və onun direktoru Ülvi Həsənlinin həbsi bu media orqanının misilsiz jurnalistikasına görə qisasdır. Azərbaycan hakimiyyəti dərhal Həsənlini azad etməli, AbzasMedia-nın təqibinə son qoymalıdır", – CPJ təmsilçisi Cipsi Güllen Kayzer (Gypsy Guillén Kaiser) deyib.

Ü.Həsənli ittiham olunduğu 206.3.2 maddəsi ilə təqsirli bilinsə, 8 ilədək azadlıqdan məhrum oluna bilər.

 

Müstəqil mediaya ittihamlar

Son günlər bir sıra hökumətyönlü media orqanlarında AbzasMedia, AzadlıqRadiosu, Amerikanın Səsi, BBC Azərbaycanca, ToplumTV, MeydanTV-yə qarşı ittihamlar səslənir, onların hakimiyyətin Qarabağda qazandıqlarına kölgə saldığı iddia edilir. Bu ittihamedici yazılarda AzadlıqRadiosunun işğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin qayıdışı barədə videoreportaj qeyd olunur. Həmin reportajda bir neçə məcburi köçkün hökuməti onları da doğma yurdlarına qaytarmağa çağırırdılar.

Hakimiyyət ölkədə söz və mətbuat azadlığının təmin olunduğunu desə də, beynəlxalq reytinqlər bunun əksini göstərir. "Sərhədsiz Reportyorlar Təşkilatı"nın bu il açıqladığı Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 151-ci yerdə qərarlaşıb.

 

Azadlıq Radiosu