Ramazan ayının əvvəlindən bu yana 100 fələstinli həbs olunub

Fələstinli məhbuslar məsələsiylə xüsusi olaraq maraqlanan Fələstin İnsan Haqları Mərkəzinin verdiyi açıqlamaya görə, Ramazan ayının əvvəlindən bu yana 100 fələstinli həbs olunub. Həbs olunanlar arasında 18 uşaq və 4 qadın da var.
 
"Felestin.info"-a istinadla xəbər verilir ki, Fələstin Əsir Araşdırmaları Mərkəzi də açıqlamasında İsrail rejimi qüvvələrinin Fələstin bölgələrinə, xüsusilə də İordan çayının qərb sahilinin şəhərlərinə, kəndlərinə və Qüdsə basqınlarına Ramazan ayında da davam etdiyi bildirilib. İsrail qüvvələrinin bu basqınlarda evlərə girərək, axtarışlar apardığı diqqətə çatdırılıb.
 
Həbs olunanlar arasında qadınların, uşaqların, azadlığa çıxmış keçmiş məhbusların, balıqçıların və Fələstin xalqının müxtəlif kəsimlərindən başqa adamların da olduğu qeyd edilib.
 
Fələstin İnsa Haqları Mərkəzi həbs olunanlardan ən kiçiyinin əl-Xəlilin Şəhidlər prospektində həbs olunan hələ 9 yaşına çatmamış Musa Ramazan olduğunu vurğulayıb.
 
Ramazan ayında Qəzza bölgəsində də 5 həbsin reallaşdığı və həbs olunanlardan 3-nün balıqçı olduğu qeyd edilib. Qardaş olan bu balıqçıların Qəzza sahilinə yaxın yerdə balıq tutduqları zaman həbs olunduqları bildirilib. Verilən məlumata görə, qəzzalı 2 balıqçı da sərhəd məftillərini keçdiyinə görə həbs olunub.
 
İordan çayının qərb sahilinin əl-Ağvar bölgəsində fələstinli ailələrin köçürülməsini izlədiklərindən dolayı 7 jurnalist və bir insan haqları fəalı həbs edildikdən sonra sərbəst buraxılıb.
 
İsrail rejimi həbsxanalarında hələ də 5700 fələstinli məhbus var. Bunlardan 700-nün xəstə, 48-nin qadın, 230-nun 18 yaşına çatmamış şəxslər olduğu, 500 nəfərin isə inzibati həbs cəzasına məhkum edildiyi bildirilib.