İran nüvə sazişində bəzi addımları rəsmən dayandırdı

İran Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) ayrı-ayrı maddələrini yerinə yetirməyi rəsmən dayandırdı. FaktXeber.com-un məlumatına görə, bu barədə Press TV xəbər verib.

Xatırladaq ki, mayın 8-də İran Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiyanı bu qərar barədə xəbərdarlıq etmişdi.

Dünən isə hərbçilərlə görüşən Ali lider Ayətullah Seyid Əli Xamenei bildirib ki, İran ABŞ-la nüvə silahı ilə bağlı heç bir danışıq aparmayacaq: "Bəziləri deyirlər, müzakirənin nə eybi var?! Müzakirə bir zəhərdir. ABŞ indi olduğu müddətdə və mövcud ABŞ rəhbərliyi ilə danışıqlar ikiqat zəhərdir. Müzakirə, yəni Amerikanın istədiyi ilə razılaşmaq."

"Biz müharibə istəmirik. Eynilə Amerika da müharibə istəmir. Çünki bilirlər xeyirlərinə deyil. Bu qarşılaşma müharibə qarşılaşması yox, iradələr qarşılaşmasıdır. Və biz iradəmizdə daha güclüyük. Çünki özümüzə inamdan başqa Allaha da təvəkkül edirik. Deyirlər ki, sizin müdafiə silahlarınızı müzakirə edək. Niyə siz filan raketi istehsal edirsiniz? Bunu azaldın ki, sizi vursaq, siz bizim mövqelərimizi vura bilməyəsiniz. Məlumdur ki, heç bir qeyrətli və şüurlu iranlı öz gücünü müzakirəyə çıxarmaz", - deyə Ali Lider bildirib.

Bu arada isə ABŞ prezidenti Donald Tramp bildirib ki, “The New York Times”dakı yazı yalandır: "ABŞ hökumətinin İrana qarşı Yaxın Şərqə 120 min hərbçi göndərmək planı həqiqətə uyğun deyil."