Müsəlman Birliyi Hərəkatının üzvü Ceyhun Balaşovun məhkəməsi davam edib

 Avqustun 23-də polis nəzarətinə verilməklə mülki xəstəxanaya köçürülərək müalicəyə alınan MBH üzvü Ceyhun Balaşovun məhkəməsi davam edib. Noyabrın 30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Hüseynovun sədrliyi ilə keçən iclasda şahidlər dindirilib. Əsasən polis işçilərindən ibarət şahidlər Ceyhunun saxlanılması ilə bağlı sualları cavablandırıblar. Vəkil Rəsul Cəfərovun narkotik alış və ya satışı ilə bağlı tərəflərdən şahid olaraq kimin isə olub olmamasını sualına polislər bu məsələni araşdırmaq üçün yetərincə vaxtın olmamasını səbəb göstəriblər. Vəkil Ceyhun Balaşovun saxlanılma tarixindən bu günə qədər olan müddətin on ayı ötdüyünü bildirsə də, polislər məsələyə başqa bir formada cavab verə bilməyiblər. Məhkəmənin növbəti iclası 25 dekabr saat 12:15-ə təyin edilib.

C.Balaşovu bu il fevralın 2-də Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları saxlayıb. Balaşov Cinayət Məcəlləsinin 234.4.3 (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

İyulun 11-də virtual məhkəmə iclasından sonra 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan C.Balaşovun səhhətində ciddi problemlər yaranıb və o, iyunun 14-də vəziyyətinin ağırlaşması səbəbindən Pentesiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb. Mərkəzdə olduğu zaman Balaşov, istintaq təcridxanasında dəhşətli işgəncələrə məruz qalma səbəbindən vəziyyətinin belə ağır hala gəlməsini ailəsinə bildirib. Sonrakı dövrlərdə bir çox müalicələrə baxmayaraq Ceyhun Balaşovun səhhətində hər hansı bir irəliləyişə nail olunmayıb. Bu səbəbdən Lənkəran Ağır Cinayətlər Məhkəməsi avqustun 23-də C.Balaşovun vəziyyətinə görə onun polis nəzarətinə verilməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra C. Balaşov Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. Bir müddət o, xəstəxanadan süni nəfəs aparatına qoşulmuş vəziyyətdə qalaraq zəruri tibbi yardım alıb.

Ardınca Ceyhun amblator müalicə üçün evə buraxılıb. Lakin bununla belə o, bu gün də səhhəti ilə bağlı problemlər yaşamaqdadır. Hətta sərbəst yeriyə bilməyən inanclı məhkəməyə belə çəliklə , ailəsinin yardımı ilə gəlib.

Xatırladaq ki, 2023-cü ilin gəlişi ilə inanclıların kütləvi həbsləri gerçəkləşən gündəmdə İran-Azərbaycan münasibətlərinin gərginləşməsi səbəb olaraq göstərilirdi. Hüquq müdafiəçilərinin məlumatına görə həbs edilən inanclıları sayı mindən artıqdır ki, onların içində ruhanilərin sayı 50-dən artıqdır.