MN-in sabiq idarə rəisinin məhkəməsi: Cəmi 500 manata görə bu işə razılıq vermişəm

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisi, ehtiyatda olan polkovnik Məlikməmməd Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ibtidai istintaqı aparılmış cinayət işi üzrə çıxarılmış məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə həbs edilmiş Rəşid Məmmədov şahid qismində ifadə verib.

Rəşid Məmmədov 14 saylı MMC-nin təsisçisi olduğunu bildirib:

“TRİUNF TT MMC ilə Müdafiə Nazirliyində tenderin qalibi olmuşam. 1 milyon 500 min manat dəyərində müqavilə imzalanıb. Cəmi 500 manata görə bu işə razılıq vermişəm. Etibarnaməm olub, amma kimin adına olduğunu xatırlamıram. Mənə Zahid avtomobilində sənədlər verib, mən də həmin sənədlərə imza etmişəm. Həmin sənədlərdə nə yazılmasından xəbərim olmayıb”.

Rəşid Məmmədov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Şahid əlavə edib ki, həbs olunana kimi onun adına açılan şirkətlərin 2 milyon manat ziyanın olmasından xəbərsiz olub. Şahid deyib ki, ziyanın ödənilib-ödənilməməsindən də xəbərsizdir.

Şahid həmçinin ifadəsində göstərib ki, təqsirləndirilən Məlikməmməd Qurbanovu heç vaxt görməyib, onu tanımır.

Məhkəmə şahid Rəşid Məmmədovdan niyə cəmi 500 manata bu boyda işin altına girdiyini soruşub?

Rəşid Məmmədov heç bir şeydən xəbəri olmadığını deyib.

Şahid Allahverdi Rzayev məhkəməyə gəlmədiyi üçün məhkəmə təxirə salınıb.

Növbəti məhkəmənin tarixi 19 iyula təyin olunub.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.

2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib.

 

 

APA