"Adını Azərbaycandakı rejimlə mübarizə tarixinə yazmış xalqımızın bu cəsur qızını tanıyın və onunla fəxr edin.
Dünən Abzas medianın direktoru Ülvi Həsənli həbs olunanda, əməliyyatçılar Abzasın ofisindən 40 min avro pul "tapanda" Abzasın baş redaktoru Sevinc Vaqifqızı Avropada idi. Abzasa qarşı başlanmış bu qondarma işin onu da əhatə edəcəyini, Bakıya dönən zaman həbs olunacağını dəqiq bilirdi. Avropada qalmaq imkanı var idi. 100 faizlik həbs təhlükəsi qarşısında Sevinc xanımın Avropada qalmasını hamı başa düşüb, təqdir də edəcəkdi. Ancaq Sevinc Vaqifqızı repressiya maşınının üzərinə yeridi. Bu fiziki cəhətdən zəif görünən qız şərə, zorbalığa meydan oxudu. Təyyarəyə minib Bakıya uçdu. Təyyarədəcə həbs etdilər. Artıq məlum oldu ki, Jurnalist Sevinc Vaqifqızına qarşı da cinayət işi açıldı. Rejim onu da Ülvi Həsənli kimi Cinayət Məcəlləsinin 206.3.2 maddəsilə (qaçaqmalçılıq)ittiham etməyə hazırlaşır.
İndi Azərbaycan tarixinin ən çətin zamanlarından birini yaşayır. Rejim Qarabağın azad edilməsini xalqın müqavimətini qırmaq, xalqı tamamilə ram etmək fürsətinə çevirməyə çalışır. Onun korrupsiya və rüşvətini ifşa edənlərdən, ölkəni yaxşıya doğru dəyişmək istəyənlərdən qisas alır. Rejimin qarşısında dik duruşunu qoruyub saxlayanların sırası təəssüf ki, seyrəlir. Xalqımız haqqın bu dərəcədə nazilməsinə icazə verməməli, üzülməməsi üçün haqq davası aparanlara dəstəyini artırmalıdır. Heç şübhəm yoxdur ki, bu qaranlıqları da aşacağıq. Sevinc Vaqifqızının öz balaca cüssəsi ilə ətrafa saçdığı cəsarət hələ çox soydaşımızı şərlə mübarizəyə səfərbər edəcək. Böyük liderimiz Rəsulzadənin dediyi kimi həqiqət günəşi mütləq parlayacaq!"
Əli Kərimli Sevinc Vaqifqızını müdafiəyə qalxdı