İsrail: Avropaya qaz tədarükünün artırılması illər çəkəcək

İsrailin Energetika Nazirliyi bildirib ki, Avropaya təbii qaz tədarükünü əhəmiyyətli dərəcədə artırmaq üçün bir neçə il lazımdır.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İsrail və Misir enerji resurslarını Rusiyadan uzaqlaşdırmaq səyləri çərçivəsində iyun ayında Avropa İttifaqına daha çox qaz göndərmək üçün anlaşma memorandumu imzalayıb.

Saziş çərçivəsində yeni tədarüklərin çatdırılma tarixi ilə bağlı suala cavab olaraq, İsrailin Energetika Nazirliyinin baş direktoru Lior Şilat bildirib ki, bunun üçün müəyyən vaxt lazımdır.

O, Misirdə BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP27) çərçivəsində Reuters-ə deyib: "Qısa müddətdə müəyyən artım olacaq, lakin böyük yüklər daha sonra gələcək".

Şilat bildirib ki, “İsrail üç-dörd il ərzində qaz hasilatını əhəmiyyətli dərəcədə artırmağı, hətta iki dəfə də çoxaltmağı gözləyir.”

İsrail son on il ərzində dənizdə bir sıra qaz yataqları aşkar etdikdən sonra enerji ixracatçısına çevrilib. Bu yaxınlarda o, Misir və İordaniyaya satdığı miqdarı artırmağa çalışıb. Həmçinin Livanla sərhəddə olan münaqişəli Kariş qaz yatağının işlənməsi üçün Beyrutla ortaq məxrəcə gəlib.