"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" "Toplum TV işi” ilə bağlı bəyanat yayıb

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"nin insan hüquqları təşkilatı "Toplum TV işi” ilə bağlı yaydığı bəyanatda deyilir ki, saxlanılan şəxslərə qarşı qeyri-insani rəftar göstərilib və şəxsiyyətlərin alçaldılması nümayiş etdirilib. Həmçinin Akif Qurbanovun vəkili Şəhla Hümbətovaya qarşı xüsusi kobudluq göstərilib və prosessual hərəkətlərin həyata keçirilməsinə imkan verilməyib, axtarış zamanı məcburi qaydada evdən çıxarılıb:

"Mərkəz açılmış cinayət işlərini jurnalistlərə və ictimai fəallara qarşı ifadə azadlığı, birləşmək və siyasi hüquqların kobudcasına pozulması kimi qiymətləndirir və həbsləri siyasi motivli sayır, hakimiyyətdən həbs edilmiş şəxslərin azadlığa buraxılmasını tələb edir".

Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin “III Respublika” Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, “Tolpum TV”nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin “III Respublika” Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ramil Babayev martından 7-dən həbsinə etiraz olaraq quru aclığa başladığını elan edib.

Martın 8-də isə “Toplum TV”nin təsisçilərindən Ələsgər Məmmədli və “III Respublika” Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs-qətimkan tədbiri seçilib.

 

 

Amerikanın Səsi