İraq İrandan daha çox qaz almaq istəyir

İraqın elektrik naziri Ziyad Əli Fazil ölkəsinin İrandan daha çox qaz almaq istədiyini açıqlayıb. Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, İraqın Elektrik Naziri Ziyad Əli Fazıl televiziya kanallarının birinə verdiyi müsahibədə İraqın elektrik enerjisi istehsalının hazırda 15 min 600 meqavat olduğunu və vətəndaşlara gündə 18 saat elektrik enerjisi verdiyini açıqlayıb.

Fazil bildirib ki, İraqın yay mövsümündə 24 saat elektrik enerjisi ilə təmin edilməsi üçün 35 min meqavata ehtiyac var. İraqın elektrik naziri bəyan edib ki, Elektrik Nazirliyi yay aylarında İrandan ehtiyac duyduğu qazın alınması üçün müqavilə imzalamağa hazırdır.

Bundan əvvəl İraq Elektrik Nazirliyinin sözçüsü Əhməd Musa əl-Abadi ölkəsinin İrandan təbii qaz idxalını artırmağı hədəflədiyini bildirmişdi. Keçən may ayında İranın İraqa təbii qaz ixracını sutkada 8 milyon kubmetrdən sutkada 30 milyon kubmetrə çatdırmaq üçün İranla bəzi razılaşmalar əldə edilib.