"İranın terror fəaliyyətlərinə qarşı beynəlxalq koalisiya qurulmalıdır" - İsrailin müdafiə naziri

İran ticarət gəmilərini üzən terror bazalarına çevirir.

Bunu İsrailin müdafiə naziri Yoav Qalant bu gün keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, İran Yaxın Şərqin dəniz sularında üzən terror bazaları yaratmaq məqsədilə ticarət gəmilərini pilotsuz təyyarələr, raket sistemləri və kəşfiyyat məlumatlarının toplanması üçün hərbi gəmilərə çevirir.

“Üzən terrorçu bazalar İranın Fars körfəzi və Ərəbistan dənizi boyunca nəzarət etdiyi dəniz terrorizminin birbaşa davamıdır. Onu Hind okeanı, Qırmızı dəniz və hətta Aralıq dənizi sahillərinə qədər genişləndirməyə çalışır”,- nazir qeyd edib.

Y.Qalant həmçinin İranın nüvə təhlükəsi və onun regiondakı terror fəaliyyətləri ilə mübarizə yolları barədə də danışıb: “İran terroru ilə havada, dənizdə və quruda mübarizə aparmağın yolu beynəlxalq əməkdaşlıq və koalisiyaların yaradılmasından keçir”.

Son dövrlər İsrailin daxili siyasətdə geriləməsi fonunda İranın xarici siyasətində, xüsusi olaraq Səudiyyə Ərəbistanı ilə yaxınlaması İsrailin təşvişini yetərincə artırıb.