İran: Şah Çerağ ziyarətgahına hücumla bağlı 8 xarici ölkə vətəndaşı həbs edilib

Hələlik heç bir qrup hücuma görə məsuliyyəti üzərinə götürməsə də, ziyarətgah ərazisi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. İran rəsmiləri bu hücumun ötən il olduğu kimi İŞİD tərəfindən törədildiyini düşünür.

İran dünən Şah Çerağ türbəsinə edilən və 2 nəfərin öldüyü, 8 nəfərin yaralandığı hücumla əlaqəli olduğu güman edilən 8 xarici vətəndaşın həbs edildiyini açıqlayıb. Şiraz şəhərində hücumu törətdiyi güman edilən şübhəli ötən gün həbs edilib.

Fars əyalətinin baş hakimi Kazım Musəvi açıqlamasında "Terror aktı ilə əlaqədə şübhəli bilinən səkkiz nəfər həbs edilib. Həbs olunanların hamısı xarici ölkə vətəndaşlarıdır”, - deyə o bildirib.

Fars əyalətinin qubernatoru Məhəmməd Hadi Imanieh dövlət televiziyasına bildirib ki, hücumu bir silahlı şəxs həyata keçirib və daha sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Daha sonra verilən ayrıca açıqlamada Rahmatullah Novruzof adlı şübhəlinin Tacikistan vətəndaşı olduğu bildirilib.

Xatırladaq ki, ötən ilin oktyabrında bu ziyarətgaha 15 nəfərin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürmüşdü. Hücum edənlərdən ikisi iyulun 8-də edam edilmişdi.

Şah Çərəq İranda şiələrin ən böyük beş ziyarətgahından biridir. O, İranın paytaxtı Tehrandan təxminən 675 kilometr cənubda yerləşir.