Oktyabrın 5-də Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadə cəza çəkdiyi 17 saylı müəssisədən azadlığa buraxılıb. O, cəza müddətini tam olaraq bitirərək yaxınlarına qovuşub.
Əhsən Müzəffər oğlu Nuruzadə "26 noyabr Nardaran hadisələri"ndən sonra kəskin çıxışları ilə hakimiyyətin xüsusi hədəfinə alınan şəxslərdən olub. Belə ki, "Nardaran" olayı, günahsız öldürülən və həbs edilənlərlə bağlı həqiqətləri media vasitəsi ilə xalqı çatdıran Əhsənin bu addımı cinayətkar rejimin narahatlıq yaşadığı hadisələrdən olur. Bundan sonra Əhsənə qarşı təqiblər və təzyiqlər artır.
Ciddi nəzarət altında olan Nuruzadə 2017-ci il oktyabrın 6-da saxlanılır. Barəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanan inanclıya 2018-ci il martın 6-da hökm oxunur. Qurama məhkəmə Əhsən Nuruzadəni 7 il müddətində azadlıqdan məhrum edir.
Həbs həyatı dövründə də o, ciddi nəzarətlə müşahidə olunan həyat yaşayır. Hətta onkoloji xəstə olan həyat yoldaşının dünyasını dəyişdiyi zaman məhkəməyə dəfnə gəlmək üçün müraciəti belə rədd edilir. Həyat yoldaşının dünyasını dəyişməsindən sonra başsız qalan iki azyaşlı qızı və xəstə anasına baxmaq üçün vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciəti belə qəbul edilmir. Hakimiyyət onu son gününə qədər məhbəs həyatına məhkum edərək cəzalandırır.
Beynəlxalq Təşkilatlar Əhsən Nuruzadəni siyasi məhbus olaraq tanıyıb. Bu gün o, həbs dövrünü bitirərək haqqı olan azadlığını bərpa edib.
Əhsən Nuruzadə azadlıqda