Həbsxanada 70 gündüqr aclıq edən İstanbul Universitetinin doktorantı Azərbaycan Prezidentinə müraciət edib

Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan İstanbul Universitetinin doktorantı Fazil Qasımov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Fazil Qasımov 70 gündür aclıq edir. O, "qanunsuz həbsinə" etiraz edir.  

"Mən Sizin və komandanızın Azərbaycan xalqını qaranlıq orta əsrlərə deyil, aydınlıq gələcəyə, müasir sivilizasiyalara doğru aparmağınızı arzu edir, bir-birimizə qisasçılıq duyğuları ilə deyil, insanpərvərlik prinsipləri ilə yanaşmağın və səylərimizi birləşdirməyin Azərbaycana fayda gətirəcəyinə inanıram. Mən bir daha iqtisadçı alim Qubad İbadoğlunun və mənim barəmdə açılan siyasi motivli cinayət işilərinə xitam verilməsini, Azərbaycan Demokratiya və Rifah Partiyasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmasını, təhlükəsiz şəkildə İstanbul Universitetində elmi fəaliyyətimi davam etdirməyə icazə verməyinizi  və xalqıma aid insanpərvərlik dəyərlərini qorumaq üçün apardığım mübarizəyə dəstək  olmağınızı xahiş edirəm", deyə müraciətdə qeyd edilir.

Sənəddə deyilir ki, BMT, UNESCO, İslam Əməkdaşlıq Təşkilatı, İSESCO, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY-un üzvü olan bir ölkədə, İslam dünyasının mədəniyyət paytaxtında Türkiyənin ən qədim, ən mötəbər elm ocağı olan İstanbul Universitetinin azərbaycanlı doktorantı, UN GSP məzunu, Azərbaycanın qeyri-maddi mədəni irs üzrə ilk UNESCO kafedransının qurucusu şərlənərək həbs edildiyinə görə 70 gündür acdır.

"Həqiqətən sözün bitdiyi yerdəyik. Mən əminəm ki, Siz siyasi iradə ortaya qoysanız, Azərbaycanda bütün vətəndaşların konstitusion hüquqları tam şəkildə təmin olunar. Mən bu müraciətimlə Sizdən bu yöndə siyasi iradə ortaya qoymağınızı xahiş edirəm. İnsanpərvərlik zəiflik göstəricisi deyil, əksinə, güclü insanlara xas dəyərlərdir. İnkişaf etmiş ölkələrin əhalisi güclü və bəsirətli liderlərin sayəsində qadınları tonqalda qalayan, yoxsul insanları kölə bazarında satan, uşaqları qul kimi işlədən, elm adamlarını xalqın gözündə şeytanlaşdıran cahil insanların hökmranlığından xilas edib. Mən bir elm adamı olaraq vətənim Azərbaycanda gündən-günə geniş vüsət alan cəhalətdən, mənəvi deqradasiyadan, avtoritar, kriminal təfəkkürdən, anti-demokratik qaydalardan, insan hüquqları pozuntularından, siyasi repressiyalardan narahatam. Azərbaycanın polis idarələrində və Pentensiar Xidmətin Müəssisələrində sübutların saxtalaşdırılması məqsədilə təqsirləndirilən şəxslərin çayına, yeməyinə psixotrop maddələr qatılması, ailəsi ilə, cinsi istismarla, zorakılıqla hədələnməsi, ağır işgəncələrə məruz qalması dəhşət vericidir və dövlət içindəki mafioz qruplar tərəfindən vətəndaşalara sistemli formada aparılan siyasi repressiyalar mənəvi terrordur", deyə o, müraciətində qeyd edir.

Fazil Qasımov müraciətində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ), Penitensiar Xidmətin istintaq təcrdixanasında çoxsaylı işgəncələrə məruz qaldığını bildirir.

"Nə mənə hədə-qorxu ilə yalan ifadə yazdıranlar, nə mənə işgəncələr verib ləyaqətimi alçaldanlar, nə məni ailəmlə, cinsi zorakılıqla hədələyənlər, nə çayıma, yeməyimə psixotrop maddələr qatanlar, nə ailəmdən hüquqi xidmət haqqı alsa da, məni müdafiəsiz qoyanlar və ya BMCMİ-nin İstintaq İdarəsinin tapşırığı ilə məni manipulyasiya edib qanuni mənafeyimə zidd davrananlar, nə də 62 gün ac olduğumu bilə-bilə qollarımı arxadan qandallayıb müalicə müəssisəsindən məhkəməyə aparanlar və bu tapşırığı onlara verənlər vicdan əzabı çəkmir. Bunları yazaraq əvvəla istəyirəm ki, sizi ölkəmizin hüquq-mühafizə, ədliyyə sistemində vəziyyətin kritikliyindən xəbərdar edim. Həm də istəyirəm ki, bu qeydlərim tarixdə qalsın", deyə İstanbul Universitetinin doktorantı Azərbaycan Prezidentinə müraciətində qeyd edir.

Fazil Qasımov müraciətində həbsinin səbəbləri, istintaq dövründə çoxsaylı işgəncələrə məruz qalması, çayına və yeməyinə psixotrop maddələr qatılaraq yalan ifadəyə imza atdırılması, vəkilinin onu müdafiə etməməsi, istintaq təcridxanasında cinsi zorakılıqla hədələnməsi, ittihamın uydurma olmasını geniş və xronoloji ardıcıllıqla işıqlandırıb.

"Şərlənərək həbs edilmiş azərbaycanlı elm adamının iradəsinə zidd davranmağa məcbur etmək üçün, türmə rəisi tərəfindən dustaqların cinsi istismarına məruz qoyulmaqla hədələnməsi 1930-cü illərdə Sovet Azərbaycanında intellektual soydaşlarımıza qarşı NKVD tərəfindən aparılmış repressiyalardan daha vahiməlidir. Çünki mənəvi terror güllələnməkdən, sürgündən daha betərdir", deyə o, qeyd edib.

Qasımov psixotrop maddələrlə zəhərlənməsi ilə bağlı saçından nümunələrin BMT-nin laboratoriyalarında analiz üçün göndərildiyini də diqqətə çatdırıb.

 

Turan.az