Hacı Ramil Bədəlov bu həftə də silsiləvi “Tövbədən öncə” adlı çıxışının 13-cü hissəsini davam etdirib

İlahiyyatçı Hacı Ramil Bədəlov bu həftə ənənəvi cümə xütbələrini davam etdirib. Sosial media üzərindən canlı yayımlanan “Tövbədən öncə” adlı moizəsinin 13-cü hissəsini bölüşən ilahiyyatçı tövbə üçün zəmin olan vəziyyəti incələyib. O, ötən söhbətinin davamı olaraq özünütanıma aspektinə aydınlıq gətirib.

“İnsan dünyaya böyük güc və qüdrət sahibi olaraq gəlir. İnsanın gücü, qüvvəsi dünyada yaşanan bütün maniələrdən daha genişdir.

İnsan oddan deyil, torpaqdan yaranıb. Odun xüsuiyyəti yandırmaq olduğu kimi torpağın xüsusiyyəti də yetişdirmək, həyat vermək, canlandırmaq, artırmaqdır. Nəzəri olaraq insanın bətnində bütün mövcud imkanlar var və o, bu imkanlarla ecazkar nəticələr əldə edə bilər. Lakin bilgi, imkan həyata keçməyənə, nəzəriyyədən praktikaya gəlməyənə qədər heç bir nəticədən söhbət belə gedə bilməz.

Quran ayələri insanı praktiki varlıq olaraq yarandığını söyləyir. Məntiqə görə nəzəriyyədən praktikaya keçmək yolu iradənin hərəkətinə bağlıdır. Bəs idradənin hərəkətə gəlməsi üçün nə etmək lazımdır? İlk addım ən çətinidir ki, bunu biz bildiklərimizi, doğru olanları həyata keçirməklə edə bilərik. İlk addımlar çətin olacaq, ancaq addımladıqca iradə gücə gələcək və getdikcə daha ağır yükləri daşımağa, icra etməyə başlayacaq. Quran “oxu” deyincə ilk addıma başlamağı insandan istəyir. Ən çətin mərhələ, iradəni hərəkətə gətirməklə ilk addımı insandan istəyir.

Firiləşmək məsələni hərəkətə gətirməyəcək, bildiklərin, ən ibtidai məlumatların icrasına başlamaq, əməl etmək, növbəti daha böyük əməllərin zəmini olacaq. Unutmayaq, bizim problemimiz işin böyüklüyü deyil, işin böyük olması haqqında olan yanlış təfəkkürdür. Təxəyyül böyüdükcə insanın üzərinə çökəcək ağır bir yükə çevrilir. Praktikaya başladıqca anlaşılır ki, həqiqət bu deyil, iş haqda yanlış düşüncə insanın gözündə o işi böyüdüb.

Hər bir işin arxasında əməl durmazsa o arzu və xəyaldan başqa bir şey olmayacaq. Əməl insanı eyni halda gələcəyin çətinliklərinə, praktiki imtahanlarına hazırlayan məktəb rolunu oynayır. Buna görə də ilk addım, bildiklərimizin ən bəsitindən, sadəsindən başlamaqdır.

2. Cəmiyyəti tanıma; yolun kamil görülməsi. Siz yolu, həyat yolunu bütün maniə və çətinlikləri ilə qəbul etməlisiz. Özünüzü həyatın sevinci və kədəri, acısı və şirini ilə qəbul etməlisiz. Belə olan halda siz bu maniənin aradan qaldırılması yollarını da özünüzdə müəyyən edib ona hazır olacaqsız.

Hər kəs bilməlidir ki, həyat müxtəlif maniə və çətinliklər üzərində qurulub. İstəyindən asılı olmayaraq siz bunlarla üzləşəcəksiz. Bunun üçün insanın yaxşı və ya pis insan olması əsas deyil. Peyğəmbərlər insanların ən yaxşısı idi, ancaq onlar da maniə və çətinliklərlə üzləşirdi. Bu, dünyanın nizamıdır. Demək bu nizamla üzləşən zaman başımızı itirib yanlış addım atmamağımız üçün özümüzü bu çətinliklərə hazırlamalıyıq. Hazırlamağın yolu isə həyatı orada olan şirin və acıları ilə, olduğu kimi qəbul etməkdir.”

İlahiiyatçı söhbətinin ardını növbəti cümə davam edəcəyini bildirərək söhbətini yekunlaşdırıb.