Gürcüstan Müsəlmanları İdarəsinin yeni şeyxi ilə müsahibə

Gürcüstan Müsəlmanları İdarəsinin Ali Şurası Hacı Faiq Nəbiyevi yeni şeyx seçib.

Az.shafaqna.com Hacı Faiq Nəbiyevdən seçkilər və gələcək planlarla bağlı müsahibə alıb.

İlk öncə sizi, bu yeni vəzifəyə seçilməniz münasibətilə təbrik edirik. Seçkilər barədə nə deyə bilərsiniz?

Təbriklərinizə görə redaksiyanıza öz təşəkkürümü bildirirəm. Onu qeyd edim ki, seçkilər qapalı şəkildə keçirildi və Ali Şura üzvləri səs çoxluğu ilə məni bu vəzifəyə layiq bildilər. Fürsətdən istifadə edib Ali Şura üzvlərinə təşəkkür edirəm.

GMİ-nin şiələrlə bağlı strukturunda dəyişikliklər olacaqmı?

Sözün açığı biz daxili strukturda şöbələr yaratmağı düşünürük. Məncə şöbə şəkilində daha yaxşı işlər görülə bilər. Hər bir halda yaxın günlərdə bu mövzuda iclas keçirib qəti qərarlar verəcəyik.

Şeyx olduğunuz illər ərzində məscid və dini icmalarla hansı istiqamətdə iş aparmağı düşünürsünüz?

Məscid və dini icmalarla bağlı təklif və qərarları birlikdə müzakirə edəcəyik. Daha çox ehtiyac olan yönə əhəmiyyət verib bu sahəyə diqqət ayırmağımızı düşünürəm. Axund və icmalarla daim əlaqə saxlayaraq onların təklif və problemlərini gücümüz çatan dərəcədə həll etməyə səy edəcəyik. Ali Şura üzvlərinin təcrübə və tövsiyələrindən də bu məsələdə bəhrələnəcəyik.

GMİ dövlət və dindarlar arasında bir körpü rolunu oynayır. Sizin rəhbərlik etdiyiniz dövrlərdə bu ənənə qüvvədə qalacaqmı?

Təbii ki, GMİ-nin bu ənənəsi, həmçinin nizamnaməsi işimizin prioriteti sayılacaq. Əlimizdən gələn bütün imkanlardan istifadə edərək daha sıx əməkdaşlıq, məsələlərin həlli, yeni təkliflərlə bağlı dövlətə və yerli idarəetmə qurumlarına müraciət edəcəyik. Biz özümüz də bir dindar olaraq, dini camiənin nümayəndəsi kimi daha gözəl və bərəkətli işlərin görülməsi üçün əlimizdən gələni edəcəyik.

Xarici ölkələrlə dini müstəvidə əlaqələr və ya əməkdaşlıq davam edəcəkmi?

GMİ-nin nizamnaməsinə, həmçinin qanunvericiliyin verdiyi imkanlar çərçivəsində xarici ölkələrlə dini və mədəni sahələrdə əlaqələr və əməkdaşlığımız davam edəcək.

 

az.shafaqna.com