Gözlərdən qəlblərə köçən eşq fatehi

İlahi kəlamlarda böyük əxlaqı dəyərləndirilən İslam Peyğəmbərinin simasının məhz bu nöqtədə qiymətləndirilməsi, onun nurlu təbəssümündə cilvələnən eşqi görüncə bir daha bu mənəviyyatda cilalanan əxlaqın insanlıq üçün necə böyük əhəmiyyətə malik olduğunu anlamaq olardı. Hər kəsdə Hacı Şahin adı ilk təsəvüründə qeyri-adi əxlaqı ilə insanı valeh edən, simasında parlayan mərhəmət və şəfqət görünən xoş bir təəssürat formalaşdıracaq. Elmin, nitqin, məntiqin, sədaqətin, ibadətin və sair özəlliklərin arxasında duran həqiqi əxlaq sahibi insan. Onun bütün hərəkətləri özünütərbiyə əsasında formalaşdığı üçün addımları nə dinin arxasında gizlənən abid yerişi deyildi, nə də elmin libasında geymiş ziyalı mərhəməti. O, insan varlığında həqiqətini axtaran mənəvi və maddi təzadların ortaq keyfiyyət göstəricisi olaraq insanlığa bunu əməli nümayiş etdirən aram bir ruh, razılıq nümayiş etdirən itaətkar bir qul nümunəsi idi.
Hacı Şahin hansısa İlahi hökmün düz mərkəzində, nüvəsində həkk olunan eşqi həmişə cəmiyyətə ötürən əxlaqi fəzilətləri ilə diqqət çəkən insan idi. Onun elmi çıxışları, yazı və moizələri də bir zamanlar onu əllərdə göylərə qaldıran eşqin təcəssümü olaraq qəlblərə hakim olurdu. Hansı ki, bu eşqin ilmələrini mütləq tükənməz bir əxlaq sahibi insanların qəlbinə vura bilərdi ki, bu da Hacı Şahin Həsənli simasında əvəzsiz nümunə idi.
Bir ildir eşq məbədinin parlaq şölələri artıq yerdən göyə ucalaraq orada parlayır. Bir ildir ki, Hacı Şahinin sevgi dolu ruha təsir edən sətirləri onun sönməz sevgisində qəlblərdə aşiqləri ilə həmsöhbət olur. Məzarı sirli bir aləmin cismən Hacı Şahinsiz ayrılıq həsrətinə nümunə ikən ona duyulan eşq, ölümsüzlük dolu Hacı Şahin əsərinə başqa bir nümunədir.
Bu gün cismən dünyasını dəyişib, ruhani qəlblərə köçən Hacı Şahin Həsənlinin anım günüdür. Ruhun şad olsun Hacı!