Ermənistan sərhəddə iki hərbçisinin öldürüldüyünü bildirir

Dövlət Sərhəd Xidməti (DSX) fevralın 13-də Ermənistan silahlı qüvvələrinin "dünən törətdikləri təxribata cavab olaraq" "qisas" əməliyyatı keçirdiyini bildirir. Ermənistan ordusunun Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi yaxınlığındakı döyüş postunun məhv edildiyi açıqlanıb.

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə qarşı tərəfin atəşindən iki hərbçisinin öldürüldüyünü, bir neçəsinin yaralandığını bildirir. Ermənistan fevralın 13-də səhər 5:30-dan başlayaraq cənubdakı Sünik rayonunun Nerkin Xand kəndi ərazisindəki mövqelərinin atəşə tutulduğunu bildirib.

Hazırda ərazidə vəziyyətin gərgin olduğu xəbər verilir.

Azərbaycan, hələlik, bu informasiyaya münasibət açıqlamayıb.

Bir gün öncə Azərbaycan Ermənistanı sərhədin başqa bir hissəsində-Zəngilan rayonundakı mövqelərinə atəş açmaqda, bir sərhədçisini yaralamaqda ittiham edib. Yerevan həmin hadisənin araşdırılacağını bildirib.

Azərbaycan MN həmçinin fevralın 12-də axşam və gecə saatlarında Tovuz rayonundakı mövqelərinin atəşə tutulduğunu açıqlayıb.

Ermənistan MN isə bu məlumatın həqiqətəuyğun olmadığını bildirib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ( 10 noyabr) ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Hələlik, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalamayıb. Danışıqlar həm Rusiyanın, həm də Avropa İttifaqı Şurasının ayrılıqda vasitəçiliyi ilə aparılır.

 

Azadlıq Radiosu